Ford şirkətinin icraçı direktoru Cim Farli Twitter sosial şəbəkəsindəki hesabında Bronco modelinin Raptor indeksli ekstremal versiyasına həsr olunmuş videotizeri yerləşdirib. Beləliklə, o, belə ofrouderin həqiqətən də bazara çıxacağını və bunun gələn il baş verəcəyini təsdiqləyib.

“Bərkgedən” Bronco modelinin Warthog indeksini alacağı güman edilsə də, amerikan avtomobil istehsalçısı artıq F-150 pikapının ekstremal versiyası üçün istifadə olunan Raptor adını seçib. Ford Bronco Raptor modelinin adi ofrouderdən dizaynı, yenidən işlənmiş asqısı, artırılmış klirensi və ofroud təkərləri ilə fərqlənəcəyi gözlənilir.

Videodan göründüyü kimi, Bronco Raptor böyük “Ford” yazısı (adi ofrouderdə  modelin adı yazılır) olan iri radiator barmaqlığına, təkər tağlarının genişləndiricilərinə sahib olacaqdır. Qeyri-rəsmi məlumatlara görə, ekstremal versiya yalnız dördqapılı kuzov ilə təklif olunacaqdır.

“Bərkgedən” Bronco modelini yeni yaşıl Eruption Green, qırmızı Hot Pepper Red və narıncı Code Orange rənglərinə də boyamaq mümkün olacaqdır. Lakin sistemdə modelin güc qurğusu barədə məlumat verilməyib.

 Çox güman ki, Bronco Raptor modelinin kapotunun altında 400 at qüvvəli 3,5-litrlik biturbomühərrik yerləşəcəkdir. Eyni mühərrik Explorer ST modelində də quraşdırılır. Ford Bronco Raptor modelinin gələn ilin birinci yarısında satışa çıxacağı gözlənilir.

Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifiadə zamanı sayta istinad etmək mütləqdir.