Bir müddət bundan öncə Ford şirkəti yol üzərində uçan kamuflyajlı Bronco modelinin şəklini dərc etmişdi. O zaman, Ford şirkətinin Warthog əmtəə nişanını qeydə aldığı haqqında da məlumat peyda olmuşdu. Bir çoxları Bronco modelinin “bərkgedən” versiyasının məhz belə indeksə malik olacağını iddia edirdilər. Beləliklə, hər kəsi bir sual maraqlanıdırır: Ford Bronco modelinin “bərkgedən” versiyasını necə adlandıracaq - Raptor yoxsa Warthog?
Bu gün Bronco 6G tematik forumunda maraqlı bir məlumat peyd olub. Çox güman ki, Ford şirkətinin dilerlərinin birinin əməkdaşı olan forum istifadəçisi, amerikan şirkətinin sifarişlər sistemində, yenidən canlandırılan Bronco modelinin “bərkgedən” Raptor versiyasına sahib olacağı barədə məlumatı aşkar edib. Üstəlik, sistemdə belə versiyanın iki təchizat səviyyəsinə - baza və dəbdəbəli Lux səviyyəsinə sahib olacağı da göstərilib. Eyni zamanda, Bronco Raptor modelinin yalnız dördqapılı kuzovla təklif ediləcəyi də məlum olub.
“Bərkgedən” Bronco modelini yeni yaşıl Eruption Green, qırmızı Hot Pepper Red və narıncı Code Orange rənglərinə də boyamaq mümkün olacaqdır. Lakin sistemdə modelin güc qurğusu barədə məlumat verilməyib. Çox güman ki, Bronco Raptor modelinin kapotunun altında 400 at qüvvəli 3,5-litrlik biturbomühərrik yerləşəcəkdir. Eyni mühərrik Explorer ST modelində də quraşdırılır. Ford Bronco Raptor modelinin gələn ilin birinci yarısında satışa çıxacağı gözlənilir.