Yeni Ford Bronco modelinin təqdimatı sabah, 14 iyulda, Bakı vaxtı ilə gecə saat 04:00-da keçirilməlidir. Lakin, yeni modelin təqdimatına bir gün qalmış Ford Bronco modelinin bəzi elementlərinin təsvir olunduğu şəkillər dərc edilib. Ford şirkəti ofrouderin ön və arxa işıq texnikasının, kandarının və loqotiplərinin əks olunduğu şəkilləri yayıb. İkiqapılı ofrouderin tam təsviri isə, Bronco modelinin fanatlarının toplaşdığı forumda dərc edilib.
Kamuflyajsız Bronco modelinin ilk casus görüntüləri dörd ay bundan öncə ortaya çıxıb. Görünən odur ki, ofrouderin seriya versiyası prototipin brutal dizaynını qoruyub saxlayacaqdır. Yenilənmiş Bronco modelinin başlıca cəhətlərindən biri tez çıxarıla bilən qapılar və dam olacaqdır - forumda dərc edilmiş şəkildə məhz xarici panelləri çıxarılmış versiyası göstərilib.
Yeni Ford Bronco 1966-cı ildə işıq üzü görmüş ilk nəsil Bronco modelini dizayn üslubunu qoruyayaraq saxlayıb. Bənzərlik kuzov forması, kiçik kuzov çıxışları, doğranmış xətlər, yuvarlaq ön optika və şaquli tək komponentli arxa işıqlar sayəsində əldə edilir. Çox güman ki, LED işıq texnikası standart təchizata daxil olacaqdır.
Ford Bronco ailəsi iki və dörd qapılı yolsuzluq avtomobillərindən, bənzər xarici görkəmə, lakin fərqli şassi arxitekturasına və mühərrik çeşidinə malik olan üç və beş qapılı Bronco Sport krossoverindən ibarət olacaqdır. Adi Ford Bronco ofrouderinin və Bronco Sport krossoverinin qısa fasilələrlə debüt edəcəkləri ehtimal olunur.
Ford Bronco ailəsinin əsas rəqibləri Jeep modelləri - Renegade və Wrangler ofrouderləri olacaqdır. Bronco modelinin təqdimatı onlayn şəkildə keçiriləcəkdir. Ford şirkəti Bronco ailəsinə xüsusi ümidlər bəsləyir və hər iki yeni avtomobilin birgə illik tirajı 200 mindən çox olmalıdır.