Ford şirkətinin rəsmi saytı, bir neçə gün əvvəl təqdim etdiyi Bronco ofrouderini sifariş vermək istəyənlərin çoxsaylı axınından sonra tamamilə “çöküb”. Brendin bir çox müştərisi yeni Bronco üçün beh ödəmək imkanından məhrum olub.
Amerikan markasının rəsmi veb saytını ziyarət edərək, yeni Bronco ofrouderlərini sifariş etmək istəyən insanlar problemlə üzləşiblər - sayt müraciətlərə cavab verməyib, əlaqə tez-tez kəsilib. Alıcıların kütləvi axını səbəbindən sayt fəaliyyətini müəyyən müddətə tamamilə dayandırıb.
Sifariş səhifəsinə daxil olmağı bacaranlar 100 dollar ödəməklə istədikləri modeli behləyə biliblər. Hazırda amerikan markasının saytı problemsiz işləyir və hər kəs istədiyi model üçün beh qoya bilər.
İkiqapılı Ford Bronco modeli 28.500 dollara, dördqapılı ofrouder isə 33.200 dollara satılır. Xüsusi dekorativ dizayn elementləri və mövcud olan bütün ofroud xüsusiyyətləri ilə seçilən, həmçinin 3500 nüsxəlik məhdud saylı tirajla buraxılacaq Ford Bronco First Edition modelinə sifarişlər qəbul edilmir. Bronco ailəsindən olan ilk avtomobillərin çatdırılmasına 2021-ci ilin yazında başlanacaqdır.