Ford şirkətinin Bronco modelini dirçəldəcəyi barədə kifayət qədər məlumat vermişik. Bu günlərdə İnternet şəbəkəsində Ford Bronco Sport modelinin seriyaöncəsi versiyasının cəsus fotoşəkilləri peyda olub. Şəkillər BroncoSportForum forumanda dərc edilib.

Fotocəsusların obyektivlərinə tuş gələn ofrouder ikirəngli boyaya, qara rəngli praktik bamperlərə, plastikdən perimetrin müdafiəsinə və hündür profilli təkərlərə malikdir.  Formalarına, klirensinə və kuzovun qısa çıxışlarına diqqət yetirsək, “kiçik” Bronco modelinin yaxşı yolsuzluq xarakteristiklarına malik olduğunu söyləmək olar.

Yeni Ford Bronco modelinin Ranger pikapının ramalı platformasında inşa edildiyini nəzərə alsaq, Bronco Sport modelinin Ford Escape krossoveri ilə eyni arxitekturaya malik olacağını gözləmək olar. Ofrouderlər üç və beş qapılı kuzovla buraxılacaqdırlar. “Böyük” Bronco modeli çıxarılan dam və qapılarla təklif ediləcəkdir. Ford Bronco ailəsinin əsas hədəfi Jeep markasının Renegade və Wrangler modelləri olacaqdırlar.

Çox güman ki, Ford Bronco Sport modeli üç və dörd silindrli EcoBoost turbomühərrikləri ilə təchiz ediləcəkdir. Adı çəkilən mühərriklər Escape modelində 180-250 at qüvvəsi arasında güc diapazonunda təklif olunurlar. Bronco ofrouderinin isə, Ranger pikapından tanış olan 271 at qüvvəli mühərrik və 10-pilləli “avtomat” ilə hərəkətə gələcəyi ehtimal olunur.

Altıncı nəsil Ford Bronco modelinin debütü bu ayın sonunda baş tutmalıdır. Bronco Sport modeli isə bir müddət sonra işıq üzü görəcəkdir. Lakin, modellərin bazar debütü əks ardıcıllıqla baş tutacaqdır –  Bronco Sport ilin sonuna qədər,Bronco modeli isə 2021-ci ildə satışa çıxacaqdır.