Ford şirkəti EcoBlue adlı yeni mühərriklər ailəsinin ilk üzvü olan iki litrlik dizel mühərrikini təqdim etmişdir. Yeni mühərrik 2,2-litrlik TDCi güc aqreqatını əvəzləyəcəkdir. Yeni dizel güc aqreqatı Transit və Transit Custom furqonlarında debüt edəcəkdir. Yeni dörd silindirli mühərrik Ford şirkətinin Böyük Britaniya və Almaniyadakı tədqiqat mərkəzlərinin birgə fəaliyyəti nəticəsində yaradımışdır və amerikan şirkətinin şərqi Londonda yerləşən zavodunda buraxılacaqdır.
Yeni dizel mühərriki sentyabr ayından qüvvəyə minəcək «Euro 6» standartlarına tam cavab verir. Güc aqreqatı sələfinə nisbətən 10-15 kiloqram daha yüngüldür və 1250 dövr/dəqiqə zonasında onun fırlanma anı 20 faiz daha çoxdur. Yeni mühərrik 340 Nm fırlanma anı təklif edir.
Bundan başqa, güc aqreqatı dörd desibel daha səssizdir. Onun yanacaq qənaəti 2,2 TDCi mühərrikinə nisbətən 13 faiz daha yaxşıdır və zərərli CO2 tullantılarının həcmi 10 faiz azaldılmışdır.
Mühərrik 105,130 və 170 at qüvvəsi gücü olan variantlarda təklif ediləcəkdir. Gələcəkdə mühərrikin gücü 200 at qüvvəsindən çox olan modifikasiyasının da olacağı söylənilir. Bu mühərrikin Ford şirkətinin «qaynar» modellərində tətbiq ediləcəyi ehtimal olunur. Sonradan EcoBlue ailəsinə 1,5-litrlik mühərrikin də daxil olacağı bildirilmişdir.