Ford şirkəti EcoSport krossoverinin yeni Active "off-road" versiyasını rəsmi olaraq təqdim edib. EcoSport Active versiyası yenilənmiş dizayna,interyerin bir neçə fərqli detalına və 1,0-litrlik alternativsiz mühərrikə sahib olub.
Ford şirkəti 2003-cü ildən bəri istehsal olunan EcoSport krossoverinin "off-road" versiyası olaraq mövqeləndirir. Yeni nəşr kuzovun plastikdən müdafiəsinə, ön qanadlardakı Active emblemlərinə, dəyişdirilmiş radiator barmaqlığına və artırılmış klirensi əldə edib.
Bundan əlavə, EcoSport Active modeli tündləşdirilmiş işıq texnikasına, arxa şüşələrə, qara dama və yan güzgü gövdələrinə, habelə 17-düymlük Y-şəkilli milləri olan təkər disklərinə malikdir.
Krossoverin interyeri süni dəri ilə üzlənib. Ön oturacaqların kürək hissəsinə "A" hərfi həkk edilib. EcoSport Active modelinin təchizatına səkkiz düymlük sensorlu ekranı olan multimedia sistemi, kruiz-kontrol, qızdırılan elektrikli güzgülər və LED ön fənərlər daxildir.
Ford EcoSport Active modeli yeganə mühərrik ilə təklif edilir. Ön ötürməli krossover 125 at qüvvəsi və 200 Nm fırlanma anı hasil edən 1,0-litrlik üçsilindrli benzin turbomühərriki ilə hərəkətə gəlir. Güc aqreqatı yalnız altı pilləli mexaniki ötürmələr qutusu ilə tandemdə çalışır. İstehsalçının bildirdiyinə görə, krossover 100 kilometrə təxminən 6 litr yanacaq sərf edəcəkdir.
Ford EcoSport Active ilk növbədə Avropa bazarına yönəldilib. İspaniyada yeni krossoverin qiyməti 24.100 avrodan başlayacaqdır. Almaniyada krossoveri bir qədər daha ucuz - 23.880 avrodan başlayan qiymətlərlə almaq mümkün olacaqdır.