Ford şirkəti Escape krossoveri (Avropa bazarında Kuga adı ilə satılır) üçün yeni Sport Appearance dəstini təklif edəcəyini elan etmişdir. Yazda satışları başlayacaq avtomobil, bir müddət bundan öncə təqdim edilmiş yeni Ford Explorer modelinin yolunu davam etdirərək, eksteryer və interyer üçün müəyyən yeniliklər təklif edir. SE və Titanium variantları üçün təklif edilən eksteryer dəstinin tərkibinə qara rəngə boyanmış pəncərə haşiyələri, parlaq qara rəngli radiator barmaqlığı və 19-düymlük qara yüngül lehimli disklər daxildir.
Avtomobilin interyerindəki dəyişikliklər geniş xarakter daşımasa da, Ford krossoverin qismən qara dəri ilə örtülmüş idman oturacaqlarında ağ rəngli sapla tikişlərinin olacağını bildirmişdir. İnteryerin tərtibatı üçün yeni işləmələrin və materialların da təklif ediləcəyi də söylənilir. Bu barədə dəqiq məlumat avtomobilin satışlarının başlanmasına yaxın zamanda təqdim ediləcəkdir.
Ford şirkəti Escape modeli üçün bir sıra yenilənmiş mühərrikləri də təklif edəcəkdir. Krossoverin mühərriklər çeşidinə iki turbomühərrik - 180 at qüvvəli 1,5-litrlik EcoBoost, və həmçinin, təkmilləşdirilmiş 245 at qüvvəsi olan 2,0-litrlik EcoBoost mühərriki daxildir. Avtomobilin baza variantı 168 at qüvvəsi gücü olan dörd silindirli 2,5-litrlik atmosfer mühərriki ilə təklif ediləcəkdir.