Konseptual olaraq Ford Everest modeli bizə yaxşı tanış olan Mitsubishi Pajero Sport və Toyota Fortuner, habelə Isuzu MU-X modellərinin bənzəridir. Bu modellərin ümumi cəhəti ramalı pikapların bazasında inşa edilməlidirlər. Ford Everest ofrouderi də ənənəyə uyğun olaraq Ranger pikapının ramalı platformasında inşa edilmiş ortaölçülü beşqapılı ofrouderdir. Ford modelini də adı çəkilən modelləri kimi Tailandda istehsal edilir və əsasən Asiya regionunda satılır.
Yeni Ford Ranger pikapı 2021-ci ilin noyabrında debüt edib. Bu ay isə pikapın “bərkgedən” Raptor versiyası nümayiş etdirilib. Odur ki, Everest modelinin debütü gözlənilən idi. Texniki cəhətdən inqilab baş verməyib: azaldıcı cərgəsi olan daimi tam ötürmə sistemi, arxa bütöv körpü və yaylı asqı əvvəl də Everest modelinin seçilən cəhətləri idi. Ənənəvi olaraq, Ford ofrouderi geniş mühərrik çeşidi ilə təklif olunur. Bunlar 2,0-litrlik bir və ya iki turbokompressorlu dördsilindrli mühərriklər, 3,0-litrlik V6 dizel aqreqatı və 2,3-litrlik dördsilindrli EcoBoost turbomühərrikdir. Bütün güc aqreqatları “avtomat” ilə tandemdə çalışırlar. Transmissiyalar 6 və ya 10 pilləli ola bilərlər.
Isuzu MU-X modeli kimi, Everest modeli də hazırlıq işləri görülmədən 800 millimetr dərinliyi olan çay keçidini qət edə bilər. Yol səthindən asılı olaraq, ofrouderin şassi tənzimləmələrinin və güc aqreqatının seçim imkanı saxlanılıb. Maraqlı elementlərdən bir də kapotun altında ikinci akkumulyator üçün yerin olmasıdır – təbiətə çıxan zaman avtomobildən enerji stansiyası kimi istifadə etmək istəyənlər burada ikinci akkumulyatoru yerləşdirə bilərlər.
Mühəndislər uzadılmış təkər bazasının, 50 millimetr genişləndirilmiş təkər izinin və təkmilləşdirilmiş amortizatorların yeni yeddiyerli ofrouderi daha geniş və dayanıqlı etdiyini bildirirlər. Lakin Ford mühəndisləri əsas diqqəti elektronikanın inkişafına yönəldiblər. Ofrouder 10,1 və 12,0 düymlük ekranı olan qabaqcıl SYNC 4A multimedia kompleksinə, üç variantda rəqəmsal cihazlar panelinə, matrisa fənərlərinə, dairəvi görüntü sisteminə, smartfonların simsiz doldurulmasına və elektron yardımçılar arsenalına sahib olub.
Ford Everest ofrouderinin təchizatına kor zonalara nəzarət, qoşqu ilə hərəkət köməkçisi, zolağa nəzarət və saxlama funksiyası və Stop&Go rejimi olan adaptiv kruiz-kontrol daxil edilib. Bundan başqa, Everest avtomatik parklanma sistemi ilə təchiz olunur: avtomobil sürücünün iştirakı olmadan paralel və perpendikulyar parklanmanı həyata keçirir.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.