Üç il əvvəl Avropada satılan Ford Explorer krossoveri başgicəlləndirici dəyişikliyə məruz qalıb və Volkswagen qrupunun MEB platformasına əsaslanan yığcam elektromobilinə çevrilib. 2024-cü ilin yayında onun yenidən canlandırılmış Capri adı altında buraxılan kupeşəkilli qardaşı peyda olub.
İndi isə, Volkswagen və onun törəmə brendlərinə məxsus olan bütün MEB modelləri ailəsi növbəti texniki yeniləmədən keçib və qohum Ford elektromobilləri də bu yeniləmələrdən öz paylarını alıblar.
Ford Explorer EV Collection Edition
Orijinal Volkswagen ID.4 və ID.5 elektrik avtomobilləri kimi, Ford Explorer və Capri krossoverlərinin başlanğıc səviyyəli arxa ötürməli versiyaları da hasilatı 170 at qüvvəsi və 310 Nm-dən 190 at qüvvəsi və 350 Nm-ə qədər artırılmış yeni, daha səmərəli APP 350 elektrik mühərrikini alıblar.
Nəticədə, hər iki Ford krossoveri 100 km/saat həddini 8,7 deyil 8,0 saniyəyə toplayır. Bu güc aqreqatı yeni 58 kilovat/saatlıq litium-dəmir fosfat batareyası (əvvəl 52 kilovat/saat) ilə tandemdə Explorer modelinin yürüş ehtiyatını 17% artıraraq 444 kilometrə, Capri modelinin isə, 463 kilometrə çatdırıb.
Ford Capri EV Collection Edition
Bundan əlavə, Ford Explorer və Capri indi əvvəllər yalnız bir sıra Ford kommersiya modellərində mövcud olan Pro Power Onboard funksiyasını alıblar. Yenilənmiş krossoverlər artıq 2,3 kilovata qədər gücü olan xarici enerji istehlakçılarını qıdalandıra bilərlər.
Bort elektronikası genişləndirilmiş funksionallığı əldə etmiş elektron köməkçilər dəstinə malik olan təkmilləşdirilmiş adaptiv kruiz-kontrol sistemi və modernləşdirilmiş məlumat-əyləncə sistemi sayəsində yaxşılaşdırılıb. Sonuncu şaquli 14,6 düymlük ekranı saxlayıb, lakin o, indi yaxşılaşdırılmış məhsuldarlıq və interfeysin genişləndirilmiş tənizmləmələrini təklif edən Android əməliyyat sisteminin ən son versiyası ilə işlədir.
Nəhayət, hər iki Ford elektromobili məhdud saylı tirajla buraxılacaq xüsusi Ford Collection versiyasını alıb. Belə tərtibata malik olan Explorer kuzovun orijinal boz Cactus rəngi, bamper və kandarlardakı qara örtmələr, habelə 20 düymlük təkər diskləri ilə seçilir. Görünüşü qara dam və unikal kuzov qrafikası tamamlayır.
İnteryer narıncı vurğuları olan qara rəngdə tərtib edilib, oturacaqlarda isə, unikal toxunuşlu parça əlavələr var. Capri Collection krossoverində də, həmçinin qara bamper və kandar örtmələri var, lakin o, eksklüziv mavi Tribute Blue rənginə boyanır.
Elektromobilin damı və kapotu “yarış” zolağı, arxa hissəsi isə, qara spoylerlə bəzədilib. Orijinal 21 düymlük təkər diskləri quraşdırılıb. İnteryerdə mavi dekoru olan qara tərtibatdan istifadə edilib.
Almaniyada təkmilləşdirilmiş Ford Explorer və Capri elektromobillərinin qiyməti müvafiq olaraq 40.000 və 42.400 avrodan başlayır. Xüsusi "kolleksiya" versiyaları yalnız ən güclü və uzunmənzilli versiyalar üçün əlçatandır və buna görə də onlar xeyli bahalıdırlar: Explorer Collection üçün 54 min avro, Capri Collection üçün isə, 56.4 min avro tələb olunur.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.









