Ford Explorer krossoverinin “bərkgedən” ST və dəbdəbəli King Ranch versiyaları mövcuddur. Bu günlərdə onların sırasına Timberline adlı yeni versiya qoşulub. Explorer Timberline modeli ofroud qabiliyyətlərinə üstünlük verən alıcılar üçün nəzərdə tutulub. Üstəlik, Timberline versiyası geniş təkmilləşdirmələr siyahısına malikdir.

Krossover polis versiyasından götürülmüş daha davamlı amortizatorlara, yeni yaylara və stabilizatorlara, həmçinin ön oxdakı əlavə qaytarıcı buferlərə sahib olub. Nəticədə, avtomobilin klirensi 20 millimetr artaraq 221 millimetrə çatıb. Bundan başqa, krossover altlığın poladdan hazırlanmış əlavə müdafiəsini və arxa oxdakı özükilidlənən Torsen differensialını əldə edib.

Ford Explorer Timberline modeli orijinal bamperləri alıb ki, onların sayəsində kuzovun giriş və çıxış bucaqları artırılıb. Ön tərəfdə yedək qarmaqları quraşdırılıb, arxada isə farkopun quraşdırılması üçün yer hazırlanıb.

Orijinal radiator barmaqlığı ön fənərlərdən 2.5 dəfə daha parlaq olan əlavə diod işıqları ilə təchiz edilib. Nəhayət, Timberline 265/65 R18 ölçülü Bridgestone Dueler ofroud şinləri ilə təchiz olunur.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Yeni versiyanın interyerinin seçilən xüsusiyyətləri parlaq tikişlər və rezin ayaqaltılardır. Timberline versiyası analoq cihazlar paneli və mediasistemin kiçik ekranı olan nisbətən sadə təchizata malikdir. Bundan başqa, belə krossoverin mühərriki də baza aqreqatıdır - 304 at qüvvəli 2,3-litrlik EcoBoost turbomühərriki 10-pilləli “avtomat” və tam ötürmə sistemi ilə tandemdə çalışır.

Ford Explorer Timberline krossoverinin ABŞ bazarındakı satışlarına yayda başlanacaqdır. Daha sonra amerikan markasının digər modelləri də oxşar Timberline versiyasına malik olacaqdırlar.