Keçən əsrin 90-cı illərində amerikalılar arasında sürətli “asfalt" pikapları (street trucks) inanılmaz dərəcədə populyar idi. Belə pikapların ofroud qabiliyyətlərindən dəbli görünüş uğruna imtina edilmişdi. “Asfalt” pikaplarına olan dəb yox olsa da, belə avtomobillərin hələ də çoxsaylı həvəskarları var.

Bununla belə, avtomobil istehsalçıları bu seqmentdən demək olar ki, imtina ediblər və nəticədə tüninq atelyeləri üçün qazanc mənbəyi yaranıb. Keçən il Ford aqressiv görünüşə və hot-hetç texnologiyasına malik olan yığcam Maverick Lobo modelini buraxaraq belə pikaplar ilə məşğul olmaq qərarına gəlib. İndi isə, ona güclü V8 mühərriki olan tam ötürməli Ford F-150 Lobo pikapı qoşulub.

Lobo versiyasının yaradıcıları əsl “küçə pikapının” necə görünməli olduğunu çox yaxşı bildiklərini idda edirlər. Çünki onlar özləri bu janrın pərəstişkarlarıdırlar və sahibləri tərəfindən təkmilləşdirilmiş çoxlu sayda pikapı görüblər. Odur ki, qeyri-rəsmi qaydalara uyğun olaraq, F-150 Lobo hündürlüyü 50 millimetr azaldılmış arxa asma və kuzovun aşağı perimetri boyunca uzanan orijinal kuzov dəstini əldə edib. Bütün bunlar klirensi vizual olaraq azaltmaq və pikapı daha asfaltyönümlü etmək üçün nəzərdə tutulub.

Ön tərəfdə nöqtəli LED zolağı və böyük hüceyrələri olan qara radiator barmaqlığı (bamperdəki oxşar hava girişi bağlıdır) quraşdırılıb. Yuxarı qaldırılmış kapotda əlavə hava kanalları peyda olub, arxa tərəfdə isə, buraxılış sisteminin iki iri çıxış borusu yerləşir. Pikap bolluca qara dekora malikdir və xüsusi versiyanın adı olan nişanlarla bəzədilib. Seçmək üçün beş kuzov rəngi təklif olunur. “Küçə pikapı” obrazını 22 düymlük təkər disklərli tamamlayır.

Ford F-150 Lobo seriya pikapının ikicərgəli Super Crew kabini olan STX versiyasına əsaslanır. Standart şassi asfaltda daha inamlı hərəkət üçün yenidən tənzimlənib, lakin 5,0-litrlik V8 atmosfer mühərriki standart olaraq qalıb və 406 at qüvvəsi (556 Nm) hasil edir. O, 10-pilləli “avtomat” və azaldıcı ötürməsi olan tam ötürmə sistemi ilə birlikdə çalışır.
Yaradıcılar Ford F-150 Lobo modelinin tüninq avtomobillərdən əsas üstünlüyünün rəsmi zəmanətin mövcudluğu və onun tam şəkildə zavodda yığılmasını hesab edirlər. Bundan əlavə, donor Ford F-150 STX pikapı ilə müqayisədə Lobo versiyası üçün tələb edilən əlavə ödəniş olduqca humanistdir: 4,700 dollar. Beləliklə, seriya “küçə pikapı” bu janrın həvəskarlarına 60 min dollardan bir qədər baha başa gələcək.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.