2019-cu ilin yayında Ford şirkəti, dirçəlişdən sonra yığcam şəhər krossoverinə çevrilən Puma modelini təqdim etdikdə, ilk növbədə bütün modifikasiyaların yalnız mexaniki transmissiya, daha sonra isə “robot” ilə təchiz ediləcəyini bildirmişdi.
Yeddi pilləli iki muftalı "robot" transmissiyası Puma modelində yalnız 2020-ci ilin yazında quraşdırılmağa başlayıb. Belə transmissiya ilə yalnız standart benzin versiyası təklif olunurdu. İndi isə, belə transmissiyanı 1,0-litrlik üçsilindrli EcoBoost turbomühərriki və 48-voltluq startyor-generatoru olan hibrid krossover də alıb. Eyni tandem bənzər güc vahidinə malik olan orijinal Fiesta hetçbekinə də qismət olub.
Yeni qutunun istifadəsi adaptiv kruiz-kontrol sistemini yaxşılaşdırmağa imkan verib: indi hibrid Fiesta və Puma modelləri tam dayanana qədər əyləcləməni həyata keçirə və sərbəst şəkildə hərəkətə başlaya bilərlər. Bundan əlavə, yeddi pilləli "robot" olan modellər uzaqdan mühərriki işə salma funksiyasını da əldə ediblər.
Üstəlik, “robot” ilə təchiz edilmiş avtomobillər 100 km/saat həddinə sürətlənmədə, mexaniki transmissiyası olan modellərdən bir qədər daha yeyin olublar. Məsələn, 155 at qüvvəli Puma EcoBoost Hybrid modeli 100 km/saat həddini əvvəlki 9,0 saniyənin əvəzinə 8.7 saniyəyə toplayır.
Eyni zamanda, yeni transmissiya idman rejimində də işləyə bilər: bu rejimdə ötürmələr qutusu pilləni daha uzun müddət saxlayaraq, turbomühərrikin yüksək dövrələrə qədər fırlanmasını təmin edir.
“Robot” ilə təchiz edilmiş beşqapılı modellər yaxın zamanlarda Avropa bazarında satılmağa başlayacaqlar. Qiymətlər satışların başlanması ilə birlikdə elan ediləcəklər.