Dördüncü nəsil Focus modelinin təkamülü iki paralel istiqamətdə gedir. Avropa və Çin üçün nəzərdə tutulan avtomobillərin plan üzrə modernləşdirilməsi bir-birindən asılı olmayaraq həyata keçirilir, ona görə də, bu avtomobillər fərqli görünüşə malikdirlər. Çindəki Ford Focus modeli 2020-ci ilin sonunda qismən yenilənib. Yenilənmənin ikinci mərhələsi indi baş tutub və Ford konserninin yerli filialının xüsusi ümid bəslədiyi ST-Line “idman” versiyasına da təsir göstərib.
Restaylinq Ford şirkətinin Şanxaydakı yerli studiyası tərəfindən həyata keçirilib. Artıq Focus ST-Line versiyasının öz siması var - “idman” versiyası baza modelinə bənzəsə də, orijinal elementləri ilə seçilir: onun təkcə bamperi və radiator barmaqlığı deyil, hətta ön LED fənərlər və kapotu da fərqlidir.
Yeni 18-düymlük təkər diskləri də peyda olub, lakin həm sedanın, həm də hetçbekin arxa hissəsinin tərtibatı dəyişməyib. Çində Focus universalı da var, lakin o, ST-Line versiyasında təklif edilmir.
Yenilənmiş modelin interyeri 2020-ci ilin Focus modeli ilə eynidir: burada səkkiz düymlük cihazlar paneli və 12,3-düymlük sensorlu ekranı olan Sync 4 media sistemi var. ST-Line versiyasının seçilən xüsusiyyətləri - qalın sükan çarxı, qırmızı tikişlər və xırda dekordur.
Daha sərt yayları və stabilizatorları olan idman asqısı qorunub saxlanılıb, klirens isə 10 millimetr azaldılıb. Əsas odur ki, modernləşdirmə Focus ST-Line modelinə yeni mühərrik gətirib!
1,5-litrlik Ecoboost “turboüçlüyü” eyni həcmli “turbodördlüklə” əvəz edilib. Güc simvolik olaraq 174-dən 177 at gücünə yüksəldilsə də, fırlanma anı dəyişməyib (243 Nm). Bununla belə, qısa müddət ərzində yeni mühərrik 270 Nm-ə qədər fırlanma anı hasil edə bilər - məsələn, ötmə zamanı.
Ötürmələr qutusu ilə Ford şirkəti bir addım geri çəkilmiş kimi görünür: səkkiz pilləli “avtomatın” əvəzinə o, indi Focus modelinin daha az güclü versiyalarında quraşdırılan altı pilləli transmissiya quraşdırılır. Lakin nəticə gözlənilməz olub: Ford Focus ST-Line indi 100 km/saat həddinə əvvəlki 8,9 saniyənin əvəzinə 7,9 saniyəyə sürətlənir.
Çin bazarında yenilənmiş Focus ST-Line yayın sonundan əvvəl satışa çıxarılacaqdır. Satışların başlanğıcında kuzovdakı zolaqlar kimi genişləndirilmiş idman dekoruna malik olan Ford Focus S Edition sedanı da təklif olunacaqdır. Hazırda yenilənmədən əvvəlki avtomobillərin Çindəki satış qiyməti 22 700 dollardan başlayır.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.