Ford Focus ST Edition versiyası üç il əvvəl yenilənmiş mülki Focus modelinin debütü öncəsi işıq üzü görüb. Beləliklə, hetçbekin drayv aşiqlərinə ünvanlanmış ST Edition versiyası Focus modelinin həyat dövrünün birinci yarısını taclandıran bir avtomobildir desək, yanılmarıq.
Bu, indi də baş verir, çünki Focus modelinin konveyer həyatı 2025-ci ildə başa çatmalıdır və görünən odur ki, onun birbaşa varisi olmayacaq. Vida əhval-ruhiyyəsini Ford nümayəndələri özləri də dəstəkləyirlər və Focus ST Edition versiyasını ən qabaqcıl “qaynar” hetçbek adlandırırlar.
Yenilənmiş Ford Focus ST Edition öz sələfinin kanonlarına uyğun olaraq yaradılıb. O, eyni firma Azura mavi rənginə boyanıb, üstəlik, genişləndirilmiş parlaq qara dekor dəstinə sahib olub. Karbon görünüşlü örtmələrlə səxavətli şəkildə bəzədilmiş interyerdə də mavi vurğular peyda olublar. Əlavə ödəniş müqabilində 675 Vatt gücünə və on dinamikə malik olan qabaqcıl B&O audio sistemini sifariş etmək mümkündür.
Ancaq, əlbəttə ki, əsas dəyişikliklər şassidə baş verib. Edition versiyası KW Automotive şirkətinin tənzimlənən vintli dayaqları ilə təchiz edilib. Onların yayları standart olanlardan 50% daha sərtdir, klirens isə, 10 millimetr azaldılıb. Bununla belə, avtomobilin sahibi onu 20 millimetr diapazonunda müstəqil şəkildə tənzimləyə bilər.
Bundan əlavə, 12 sıxılma və 16 geri oturtma tənzimləmələri mövcuddur. Focus ST Edition Nürburqrinq də daxil olmaqla, müxtəlif şəraitlərdə idarəetmə üçün optimal tənzimləmələrin təsvir edildiyi xüsusi texniki sənədlərlə çatdırılır.
Edition nəşrinin digər unikal elementi möhkəmliyi artırılmış qara rəngli 19-düymlük təkər diskləridir ki, bu da ressoraltı kütlələrin çəkisini 10% azaldır. Pirelli P Zero Corsa şinləri, Brembo ön əyləcləri və elektron idarələnən disk kilidi olan eLSD differensialı standart təchizata daxildır.
Focus ST modeli üçün standart güc aqreqatı - 280 at qüvvəsi və 420 Nm fırlanma anı hasil edən 2,3-litrlik EcoBoost turbomühərrikdir. Transmissiya - altı pilləli mexaniki ötürmələr qutusudur. Bu kombinasiya Focus ST Edition modelini ilk “yüzlüyə” 5,7 saniyəyə sürətləndirir, maksimal sürət isə, 250 km/saat həddində məhdudlaşdırılıb.
Ford Focus ST Edition modifikasiyası artıq Avropadakı bəzi bazarlarda satışdadır. Məsələn, Böyük Britaniyada “qaynar” hetçbekin qiyməti 42 905 funt sterlinqdən başlayır. Bu da adi Focus ST versiyası üçün istəniləndən 5 200 funt sterlinq çoxdur.
@ Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Məqalədən istifadə zamanı sayta istinad etmək mütləqdir.