Keçən ilin yazında Ford şirkəti Focus modelinin mülayim hibrid olacağını elan etmişdi. Bu gün istehsalçı rəsmi olaraq Avropa bazarında satılacaq "yaşıl" modeli təqdim edib. Bu avtomobildə tətbiq olunan EcoBoost Hybrid texnologiyası artıq Fiesta və Puma modellərindən bizə tanışdır.
Ford Focus EcoBoost Hybrid modeli sürətlənmə zamanı əlavə 20 Nm fırlanma anı hasil edən 48 voltluq şəbəkədən qidalanan startyor-generator (BISG) ilə təchiz edilir. Startyor-generator isə, öz növbəsində, 1,0-litrlik üçsilindrli EcoBoost mühərriki ilə tandemdə çalışır. Bu mühərrik iki güc variantında - 125 və 155 at qüvvəsində təklif edilir.
Hibrid əlavə ön sərnişin oturacağının altında yerləşən hava ilə soyudulan litium-ion batareyasından qıdalanır. Sistem start-stop funksiyasını yerinə yetirir, enerjini bərpa edir, ondan turboçala effektinin təsirini azaltmaq və avadanlıqları qidalandırmaq üçün istifadə edilir.
Ford şirkəti yeni qurğunun 150 at qüvvəli 1,5-litrlik EcoBoost mühərrikindən daha güclü olmaqla yanaşı, həm də 17% daha qənaətcil olduğunu bildirir.
Yeni güc qurğusu Focus modelinin bütün versiyalarında, o cümlədən idman ST-Line, dəbdəbəli Vignale və “hündürləşdirilmiş” Active modifikasiyasında quraşdırıla bilər. Mülayim hibrid qurğunu yalnız hetçbek və universal kuzovlu modellər deyil, sedan kuzovlu versiya da ala bilər.
Transmissiya alternativsiz olaraq 6-pilləli mexaniki ötürmələr qutusudur. Elektrik əlavələri olmayan benzin mühərrikləri 8-diapazonlu avtomatik transmissiya ilə təchiz edilə bilərlər. 100 at qüvvəli aqreqat isə hibrid əlavəsiz qalıb və istefaya göndərilən 85 at qüvvəli baza mühərrikini əvəz edib.
Yenilənmiş Ford Focus modeli Kuga krossoverindən götürülmüş 12.3-düymlük virtual cihazlar panelinə də sahib olub. Bundan başqa, Focus yoldakı təhlükələri xəbərdar edən funksiyanı alıb: bu, FordPass Connect modemindən istifadə edərək marşrut boyunca təmir, qəza və digər hadisələr barədə sürücünü məlumatlandıran bir bildiriş sistemidir. Bu məlumatlar daim yenilənir və avtomobildən avtomobilə ötürülür.
Ford şirkəti artıq Avropada təkmilləşdirilmiş Focus modellərinə sifarişlərin qəbuluna başlayıb: 125 at qüvvəli versiya üçün ən azı 24.050 avro ödəmək gərəkdir. Müqayisə üçün, 100 at qüvvəli mühərrikə sahib olan ən ucuz Focus modelinin qiyməti 22.300 avrodur. Daha güclü 155 at qüvvəli mühərriki olan versiyanın qiyməti 28.250 avrodan başlayır.