Ford şirkəti GT superkarının Holman Moody Heritage Edition adlı xüsusi versiyasını təqdim edib. Xüsusi nəşr Ford markasının 1966-cı ildə Le Manda qazandığı üçqat qələbəyə həsr olunub və həmin əlamətdar yarışın avtomobillərindən birinin - Holman & Moody komandasının “5” nömrəli GT40 MK II yarış avtomobilinin üslubunda tərtibata malikdir.

Qızılı-qırmızı livreya ilə yanaşı, superkar dəri və alcantara ilə üzlənmiş salonu, görünən karbondan xarici dekoru və parlaq qara rəngli Brembo əyləc supportları ilə öyünə bilər.

Holman & Moody komandası GT40 modelinin Le Man yarışları üçün hazırlanmasında mühüm rol oynayıb. 1965-ci ildəki fəlakətli yarışdan sonra Ford rəhbərliyi xüsusi komitə yaradıb. Buraya konsernin bir neçə bölməsinin rəhbərləri, həmçinin Holman & Moody və Shelby American komandaları daxil olub.

Məhz onlar “P/1016” şassi nömrəli GT40 MK II modelini təkərlər üzərində laboratoriyaya çeviriblər və sportkarı səkkiz gün ərzində trekdə 265 dövrə vuraraq sürüblər. Bu çalışmaların nəticəsi artıq məlumdur: 1966-cı ildə keçirilmiş marafonda GT40 MK II modeli ilk üç yeri tutub, “bürüncü” isə məhz Holman & Moody pilotları Ronni Baknem və Dik Hutçerson əldə ediblər.

Ford GT modelinin indiki xüsusi versiyası həmin avtomobilin üslubunda tərtib edilib. Superkar qızılı-qırmızı rəngli livreya və toxunuşu görünən karbondan hazırlanmış elementlər ilə bəzədilib. “5” nömrəsi isə dairəyə alınıb.

Superkarın 20-düymlük təkər diskləri, ön splitteri, yan ətəkləri, güzgü gövdələri, mühərrik qapağındakı “qabırğalar” və diffuzoru kompozitdən hazırlanıb. Son ştrixlər isə, parlaq qara rəngli Brembo əyləc supportları və qara rəngli təkər boltlarıdır.

Xüsusi seriyadan olan superkarın interyeri GT '64 Prototype Heritage Edition versiyası ilə eyni üslubdadır. Burada da tutqun rəngli karbondan hazırlanmış çoxsaylı səthlər var. Sükan qara alkantara ilə üzlənib, onun arxasında isə Holman Moody Gold rəngli sükanaltı ləçəklər diqqəti çəkir.

Dəri və süni zamşa ilə üzlənmiş oturacaqlar karbondan hazırlanıb. Qapılardakı “5” rəqəmləri və cihazlar panelindəki xüsusi “applikasiya” bir daha avtomobilin xüsusi nəşrə aid olduğunu xatırladır.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Amerikan istehsalçısı həmişəki kimi, superkarın güc qurğusu barədə heç bir məlumat veməyib. Adi Ford GT kupesi yeddi pilləli “robot” ilə tandemdə çalışan 3,5-litrlik V6 EcoBoost biturbomühərriki (669 at qüvvəsi, 746 Nm) ilə təchiz edilir. Ötürmə - arxa oxadır.

Kupenin asqısı şarnirlərdə yığılıb. Hidravlik aktuatoru və torsionu olan qabaqcıl konstruksiya lazım olduqda superkarı yerə sıxmağa və ya yoldakı kələ-kötürləri keçərkən ön tərəfi qaldırmağa imkan verir. Avtomobilin ilk 100 km/saat həddinə sürətlənməsi təxminən üç saniyə çəkir.

© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.