Bizə tanış olan Ford Mondeo modelinin tezliklə tarixin arxivinə göndəriləcəyi hər kəsə məlumdur. ABŞ-da Fusion adı ilə satılan sedanın isthehsalı artıq dayandırılıb. Sedanın Avropadakı buraxılışına isə 2022-ci ilin martında son veriləcəkdir. Çində satılan Mondeo modelinin ömrünə də az qalıb. Mondeo modelinin kross versiyasının buraxılacağı ilə bağlı şayiələr çoxdan bəri dolaşır, lakin Ford şirkəti yalnız indi bu uzunömürlü ailəni hansı modellə əvəzləmək istədiyi nümayiş etdirib. Bu günlərdə keçirilən Şanxay avtosalonunda debüt etmiş Ford Evos kross-liftbeki buna işarə edir.
Bu addan ilk dəfə, on il əvvəl, hazırkı Mondeo modelinin carçısı olan möhtəşəm konsept avtomobili üçün istifadə edilmişdi. 2019-cu ilin yazında Ford şirkəti Böyük Britaniya, Avstraliya və Yeni Zelandiyada Mondeo Evos ticarət markasını qeydiyyata alıb. Belə ikiqat adın bir sıra bazarlarda istifadə ediləcəyi ehtimal olunur, lakin Çində yeni model Ford Evos adlanacaqdır.
Təəssüf ki, nümayiş etdirilən kross-kupe seriyaöncəsi versiya olduğu üçün, onun haqqında çox az məlumat var. Krossoverin elektromobil olmadığı aydındır: Evos benzin mühərriki və böyük ehtimalla, hibrid əlavə ilə təchiz edilib. Krossover Ford Focus modelinin müstəqil arxa asqılı və ön ötürməli şassisinin təkmilləşdirilmiş və uzadılmış versiyasında inşa edilib,habelə 20-düymlük təkər diskləri ilə təchiz olunub. Ölçü və konsepsiya baxımından Ford Evos bu yaxınlarda debüt edən Citroen C5 X kross-liftbekinin birbaşa rəqibidir.
Ön paneldə 12,3 düymlük virtual cihazlar paneli və Sync + 2.0 media sisteminin nəhəng sensorlu ekranı var. Ekranın diaqonalı 27 düym, eni isə 1,1 metrdir. Displeyin icazəsi 4K standartına uyğundur. Media sistem onlayn xidmətləri və “hava üzərindən” yeniləmələrini dəstəkləyir. Evos, həmçinin Ford avtopilotunun BlueCruise adlı yeni iterasiyası ilə təchiz olunub ki, bu sistem də ikinci səviyyəli avtonomluğa malikdir. Digər nəqliyyat vasitələri və yol infrastrukturu ilə məlumat mübadiləsi V2X protokolu ilə təmin edilir.
Çin bazarında satılacaq Ford Evos modelləri Changan Ford ortaq müəssisəsi tərəfindən istehsal ediləcəkdir. Kross-liftbekin satışlarının bu ilin sonuna qədər başlanması gözlənilir. Ancaq bu modelin digər bazarlarda debüt vaxtı barədə məlumat verilməyib.