Ford şirkəti Şimali Amerika bazarı üçün nəzərdə tutlmuş yenilənmiş Escape modelindən sonra, onun Avropada Kuga kimi tanıdığımız əkiz variantını da feyslift edilmiş variantını təqdim etmişdir. Yenilənmə zamanı Kuga yeni radiator barmaqlığı, ön bamper, kapot və işıq texnikasını əldə etmişdir. Avtomobilin axra hissəsində də dəyişikliklər vardır: bunlar yeni arxa fənərlər, baqaj hissəsinin qapağı və arxa bamperdir. Bundan başqa, krossover ölçüsü 17 - 19 düym arasında dəyişən yeni disklərlə və əlavə iki rəng çaları ilə təklif edilir.
Yenilənmiş Ford Kuga modelinin mühərriklər çeşidinə 120 at qüvvəsi gücü olan 1,5-litrlik dizel mühərriki daxil edilmişdir. Yeni mühərrik eyni gücə malik 2,0-litrlik dizeli əvəz edəcəkdir. 1,5-litrlik dizel ancaq öndən çəkişli model üçün təklif ediləcəkdir.
Avtomobilin 100 kilometrə sərf etdiyi dizel yaznacağının səviyyəsi 4,4 litr elan edilmişdir. Bundan başqa, Kuga modelinin mühərrik qammasına 150 və 180 at qüvvəsi gücü olan 2,0-litrlik dizel, 120 və 150 at qüvvəli 1,5-litrlik benzin mühərrikləri daxildir.
Krossoverin interyerindəki dəyişikliklər yeni sükan çarxından, havalandırma sisteminin idarəetmə blokundan və SYNC3 multimedia sistemindən ibarətdir. Multimedia kompleksi səkkiz düymlük sensorlu displeyin, səslə idarəetmənin, həmçinin Apple CarPlay və Andriod Auto əlavələrini dəstəkləyən funksiyanın olması deməkdir.
Kuga eyni zamanda, öndən toqquşmanın qarşısını alan sistemlə də təchiz edilmişdir ki, bu sistemin də işləmə diapazonu 20 km/saat artırılaraq 50 km/saata çatdırılmışdır.
Yenilənmiş krossoverin təchizatına sürət məhdudiyyətini və audiosistemin səviyyəsini proqramlaşdırmağa imkan verən MyKey sistemi, adaptiv ön fənərlər, avtomatik parketmə, perpendikulyar istiqamətdə hərəkət edən avtomobillər haqqında xəbər verən sistem və park yerindən çıxma üçün köməkçi daxildir.
Ford şirkətinin yerli nümayəndəliyindən aldığımız məlumata əsasən hazırda Kuga modeli 27900 manata təklif edilir. Yenilənmiş avtomobillərin Azərbaycan bazarında satışlarının başlanacağı tarix hələlik məlum deyildir.