Ford şirkətinin mətbuat xidmətinin bildirdiyinə görə, Mustang modeli dünyanın ən populyar sportkarıdır. Amerikan istehsalçısı keçən il 150 min ədəd masl-kar satmağı bacarmışdır. Bu faktı IHS Markit agentliyinin apardığı tədqiqatların nəticəsi də təsdiq edir.

Qeyd etmək lazımdır ki, 150 min avtomobildən 45 mini Amerika Birləşmiş Ştatlarının hüdudlarından kənarda satılmışdır. Eyni zamanda, yeni modelin buraxılışına start verildiyi 2015-ci ildən digər bazarlara 98 min ədəd avtomobilin göndərildiyi bildirilir. Hal-hazırda Ford Mustang 140 ölkədə satılır ki, yaxın zamanlarda bu ölkələrin sırasına Braziliya, Palau və Kot-d’İvuar da daxil olmaqla altı dövlət də əlavə ediləcəkdir.

Ford şirkətinin bildirdiyinə görə, altıncı nəsil Musatng modelinin istehsalına başlanıldığı gündən Miçiqandakı zavod 395 min ədəd masl-kar buraxmışdır.

Şirkət həmçinin Mustang modelinin Facebook sosial şəbəkəsində də ən populyar model olduğunu bildirmişdir. İstehsalçı avtomobilin 8,4 milyon layk topladığını iddia edir.

Bu ilin əvvəlində Ford yenilənmiş Mustang modelini təqdim etmişdir. Avtomobil zahiri dəyişikliklərə məruz qalmış, virtual cihazlar panelinı, yeni mühərrik çeşidinə və 10-pilləli avtomata sahib olmuşdur.