Ford şirkətinin iyul ayı üzrə satış hesabatına görə, Mustang Mach-E 4970 ədəd satıldığı halda, adi Mustang sportkarının nəticəsi 3367 ədəd olub. Bir sözlə, elektromobil eyniadlı sportkardan daha populyardır Beləliklə, 2022-ci ilin əvvəlindən bəri Mustang Mach-E krossoveri ikinci dəfədir ki, Mustang kupe və kabrioletini geridə qoyur. Ford şirkətinin statistikasına görə, elektrik krossoverinə olan tələbat 74,1 faiz artsa da, adi Mustang modelinə tələbat əksinə, 18,4 faiz azalıb.

Ümumilikdə Ford elektromobillərinin satışlarına baxsaq, onlar yayın ikinci ayında, 2021-ci ilin iyul ayı ilə müqayisədə, 168,7 faizlik artım göstəriblər. Xüsusilə, F-150 Lightning pikapının 2173 nüsxəsi müştərilərə təhvil verilib ki, bu da elektrik pikapının bu günə qədər göstərdiyi ən yaxşı nəticə olub.
Dilerlər həmçinin 526 ədəd E-Transit venini da satıblar — Ford şirkətinin məlumatlarına görə, bu model iyul ayında elektrovenlər bazarının 95 faizinə sahib olub.

Adi Mustang modelə gəlincə isə, cari altıncı nəsil sportkar 2016-cı ildən istehsal olunur. Yeni nəslin təqdimat tarixi artıq açıqlanıb: yeni sportkar sentyabrın 14-də Detroit avtosalonunda nümayiş etdiriləcəkdir. Yeni sportkarın V8 mühərrikini, o cümlədən, böyük ehtimalla, altı pilləli mexaniki transmissiyanı da, opsiya şəklində olsa belə, qoruyub saxlayacağı məlumdur.
Yeni sportkarın istehsalı Flat Rock zavodunda təşkil olunacaqdır. Bu məqsədlə müəssisəni modernləşdirərək istehsal gücünü artıracaqlar.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.