Ford şirkəti Ford Mustang Mach-E elektrik krossoverinin alıcıları üçün xoş bir sürpriz hazırlayıb. Avtomobilin texniki xüsusiyyətləri krossoverin bir qədər daha güclü hala gəldiyini göstərir.
ABŞ-da Mustang elektrokarına sifarişlərin qəbuluna başlanıb. "Motor Trend" nəşrinin məlumatına görə, elektrik krossoverinin arxa və ya tam ötürməli baza versiyaları 269 at qüvvəsinə sahibdir ki, bu da əvvəllər elan edilmiş rəqəmlərdən 11 at qüvvəsi çoxdur.
Arxa ötürməli top versiyada olan elektrik krossoveri indi 294 at qüvvəsinə malikdir ki, bu da ilkin göstəricidən 8 at qüvvəsi çoxdur. Nəhayət, ən güclü tam ötürməli Mustang Mach-E modifikasiyası daha çox gücə sahib olub - 351 at qüvvəsi. Bu ilkin göstəricidən 14 at qüvvəsi çoxdur.
Artıq elektrik krossoveri üçün əvvəlcədən sifariş vermiş müştərilər, faktiki sövdələşmənin rəsmiləşdirilməsinə başlaya bilərlər. ABŞ-dakı elektrokar sahibləri sifariş etdiyi avtomobilləri 2021-ci ilin yanvarında alacaqlar. Yüksək tələbat səbəbindən Amerikadakı bəzi Ford dilerləri Mustang Mach-E modelinin qiymətinə 15 min dollaradək marja əlavə ediblər.