Ford şirkəti 2020-ci ilin Mustang Shelby GT500 modeli haqqında məlumatla bölüşüb. Kupe 760 at qüvvəsi və 847 Nm fırlanma anı hasil edən 5,2-litrlik V8 mühərrikinə sahib olacaqdır.
Bu aqreqatdan Ford Mustang Shelby GT350 modelində də istifadə edirlər. Lakin, GT500 modelinin mühərriki texniki cəhətdən fərqlənir. Bu aqreqat 2650 kub santimetrlik Roots kompressoruna, dəyişdirilmiş blok başlığına və klapanlara, həmçinin dirsəkli valın yeni konstruksiyasına sahib olub. Ford mühəndisləri mühərrikin hasilatının 860 at qüvvəsi olduğunu, lakin gücün bir hissəsinin kompressorun ötürməsində itdiyini bildiriblər.
100 km/saata sürətlənmə zamanı hələlik sirr olaraq saxlanılır. Ford avtomobilinin 0-dan 100 mil/saata (161 km/saat) qədər sürətlənməyə və tam dayanmaya 10,6 saniyə sərf etdiyini bildirib. Mustang GT500 bu nəticəni nəinki güclü mühərriki, həmçininilk dəfə olaraq Mustang modelində quraşdırılan iki muftalı robotlaşdırılmış ötürmələr qutusu və 420 mm ön əyləc diskləri sayəsində əldə edib.
Zahiri cəhətdən ekstremal Ford Mustang modeli adi variantdan hava girişlərinin genişləndirilmiş sahəsi, aerodinamik kuzov dəsti, əyləc supportları, səsboğucu sistemi və rəng çaları ilə seçiləcəkdir. Avtomobilin baza qiymətinin 73995 dollar olduğu bildirilib. Lakin, təklif edilən opsiyalar sayəsində bu qiymət altırəqəmli də ola bilər.