Avropada sat;lan yığcam Ford Puma krossoveri o qədər də uğurlu olmayan EcoSport modelini əvəz edib. Puma modeli Fiesta hetçbek ilə eyni platformanı bölüşür. Azərbaycanlılara yaxşı tanış olan Ford EcoSport modeli krossoveri təqlid etsə də, Puma bir qədər artmış klirensə malik olan Fiesta hetçbekinə bənzəyir. Məlum məsələdir ki, "qaynar" EcoSport modeli bir qədər məntiqsiz görünə bilərdi, lakin Puma barədə bunu söləmək çətindir. Güman edirəm ki, Ford da mənimlə həmfikirdir və Puma ST versiyasını buraxacağını bəyan edib.
İki həftə əvvəl, Ford bu niyyətini təsdiq edən Puma ST modelinin tizerini dərc edib. Bu günlərdə isə, "qaynar" krossover diribaş casuslar tərəfindən kamuflyajsız olaraq yaxalanıb. İlk baxışdan Puma ST krossoverinin ST-Line paketinə malik standart modeldən elə də fərqli deyil: "qaynar" modeli ön bamperdəki kiçik aerodinamik ətək, radiator barmaqlığının aşağı hissəsinin dəyişdirilmiş dizaynı, bir qədər böyüdülmüş spoyler, xüsusi dizaynlı təkər diskləri, səsboğucu sistemin bir çıxış borusu əvəzinə ikisi və çətinliklə nəzərə çarpan yalançı diffuzor biruzə verir.
İlkin məlumata görə, "qaynar" Puma modelinin kapotunun altında Fiesta ST hothetçindən alınmış, 200 at qüvvəsi və 290 Nm hasil edən 1,5-litrlik üçsilindrli EcoBoost turbomühərriki yeləşəcəkdir. Güc aqreqatı 6-pilləli mexanik transmissiya ilə tandemdə çalışacaqdır. Bununla birlikdə, modelin tam ötürmə ilə təchiz ediləcəyini gözləməyin: çox güman ki, Puma ST yalnız ön ötürməli olacaqdır. Təfərrüatları öyrənmək üçün, modelin bu yaxınlarda keçiriləcək təqdimatını gösləmək lazımdır.
Mənbə. Autoreview