Ford şirkəti Ford Performance idman bölümü tərəfindən hazırlanmış ilk krossoveri təqdim edib. Bu Ford Edge modelinin “qaynar” ST modifikasiyasıdır. "Qaynar" krossover yenilənmiş Ford Edge modelinin bazasında hazırlanıbdır.
Tam çəkişli Ford Edge ST krossoveri 340 at qüvvəsi və 515 Nm fırlanma anı hasil edən 2,7-litrlik V6 biturbo mühərriki ilə təchiz edilib. Güc aqreqatı səkkiz pilləli avtomatik ötürmələr qutusu ilə tandemdə çalışır. Bununla belə, istehsalçı “qaynar” krossoverin dinamik xarakteristikalarını açıqlamayıb. Edge ST krossoveri sükanaltı ötürmə dəstəkləri, idarəetmə elektronikasının rejimlərinin seçimi sistemi, yenidən tənzimlənmiş səsboğucu sistem və idman asqısı ilə də təchiz edilir.
“Qaynar” Ford Edge ST krossoverin təchizatına 21-düymlük təkər diskləri, aerodinamik kuzov dəsti, başqa radiator barmaqlığı, həmçinin yan dəstəkləri yaxşılaşdırılmış idman oturacaqları daxildir. Bundan başqa, krossover yavaşlayan və dayanan avtoimobili keçməyə kömək edən aktiv manevr etmə sistemini, tam dayanma funksiyası olan adaptiv kruiz-kontrolu, zolaqda saxlama funksiyasını və təkrar qəzaların ehtimalını azaldan avtomatik əylənmə sistemini əldə edib.
Yenilənmiş Ford Edge krossoveri tamamilə yeni ön hissəyə malik olmuşdur. Restaylinq keçmiş krossoveri yeni ön fənərlər, başqa formalı radiator barmaqlığı, yeni tərtibata mailk olan arxa fənərlər, yeni dizaynlı ön və arxa bamperlər sayəsində ayırd etmək mümkündür. Artıq işıqdiodlarından hazırlanmış ön fənərlər krossoverin standart təchizatına daxil edilibdir. Yenilənmiş arxa fənərlər qara zolaq vasitəsi ilə birləşdirilmişdir.
Ford Edge modeli standart olaraq 2,0-litrlik dörd silindrli benzin mühərriki ilə təchiz edilir. Güc aqreqatı da yenilənibdir. Hazırda mühərrik 250 at qüvvəsi hasil edir ki, bu da əvvəlkindən 5 at qüvvəsi çoxdur. 2,0-litrlik turbomühərrik səkkiz pilləli avtomatik ötürmələr qutusu ilə birlikdə çalışır. Üstəlik, avtomatik ötürmələr qutusunun ənənəvi dəstəyini fırlanan düymə əvəz edib. Xatırladaq ki, restaylinqdən öncə krossover 6 pilləli "avtomatla" təchiz ediliri.