Ford Ranger pikapının yeni nəsli keçən ilin noyabr ayında debüt edib. Təqdimat zamanı “bərkgedən” Raptor versiyasının nümayiş etdirilməsi gözlənilsə də, onun təqdimatı təxirə salınıb. Ford şirkəti mütəmadi olaraq “bərkgedən” Ranger pikapının tizerlərini dərc etsə də, avtomobil üzərindəki sirr pərdəsinin götürülməsində casusların əməyi böyük olub. Nəhayət, amerikan istehsalçısı Ranger Raptor modelini rəsmi olaraq təqdim edib.

Yeni Ford Ranger Raptor modelinin dizel mühərriki əvəzinə benzin aqreqatını alacağı gözlənilirdi və belə də olub. Pikapın mühərrik bölümündə 3,0-litrlik V6 EcoBoost biturbomühərriki yerləşir. Avstraliya və Cənubi Afrika Respublikasında mühərrik 400 at qüvvəsi ilə öyünsə də, Avropada 288 at qüvvəsi və 491 Nm ilə kifayətlənməli olub.

İstənilən halda, bu əvvəlki modeldə olduğundan (213 at qüvvəsi, 500 Nm) çoxdur. Transmissiya - 10-pilləli avtomatik ötürmələr qutusudur. Bundan başqa, ön və arxa differensialların kilidlənməsi olan gücün ağıllı paylanması sistemi də var.

Ranger Raptor yeddi hərəkət rejiminə malikdir: üç adi (Normal, Sport və Slippery) və dörd ofroud (Rock, Crawl, Sand, Mud/Ruts və Baja). Əlavə olaraq, Raptor 32 km/saat həddinə qədər sürətlərdə işləyən ofoud kruiz-kontrolu olan Trail Control sistemi ilə də təchiz edilir.

“Bərkgedən” pikapın klirensi adi modelə nisbətən artırılsa da, Ford dəqiq rəqəmi açıqlamayıb. Pikapın giriş və çıxış bucaqları, habelə qət edilən çay keçidinin dərinliyi də naməlumdur. Ranger modelinin raması gücləndirilib, arxada ressorların əvəzinə yaylar peyda olublar. Əlavə olaraq, arxa körpü tirin köndələn yerdəyişməsini azaldan Uatt mexanizminə malikdir. Standart amortizatorlar Fox dəsti ilə əvəzləniblər. 17-düymlük təkər diskləri All Terrain ofroud şinləri ilə təchiz ediliblər. Şinlərin ölçüləri də açıqlanmayıb.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

 “Bərkgedən” versiya genişləndirilmiş qanadları, iri “Ford” yazısı olan radiator barmaqlığı, alüminiumdan kandar dayaqları, bamperləri və altlığın “zirehi” ilə seçilir. Bütün işıq texnikası diodlardan hazırlanıb. Salonda idman oturacaqları, transmissiyanın sükanaltı dəstəkləri və “Raptor” yazısı olan sükan çarxı, ətraf işıqlandırması və qırmızı haşiylərə var. Virtual cihazlar paneli 12,4-düymlükdür, SYNC 4A məlumat-əyləncə kompleksinin şaquli ekranı 12-düymlük ölçüyə malikdir.  10 dinamiki olan B&O səs sistemi standart avadanlığa daxildir.

© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.