Ford şirkəti ən güclü Bronco modelini nümayiş etdirib. Amerikan markası Bronco Raptor ofrouderinin görüntüləri olan rəsmi şəkilləri və videoçarxı dərc edib, habelə “bərkgedən” Bronco modelinin bəzi texniki xüsusiyyətlərini açıqlayıb. Bununla belə, Ford şirkəti Bronco Raptor modelinin təchiz edildiyi mühərrikin gücünü açıqlamayıb – şirkət nümayəndələri 3,0-litrlik altısilindrli EcoBoost turbomühərrikinin “400 at qüvvəsinin üzərində” gücə malik olduğuna işarə ediblər. Qeyri-rəsmi versiyalardan birinə görə, söhbət Explorer ST modelində quraşdırılan aqreqatdan gedir.
Raptor indeksli Bronco modelinin hazırlanmasına Ford Performance bölməsi cavabdeh olub. Ekstremal Ford Bronco Raptor modelinin yaradıcıları amerikan Ultra4 ofroud çempionatından ilham alıblar. Bu yarışlar səhrada keçirilir, odur ki, Ford şirkəti Bronco Raptor modelinin reklamında eyni məkanlardan istifadə edib: avtomobil yüksək sürətlə qumluqda şütüyür və iti qum təpələrinə dırmaşır. Bundan başqa, ekstremal Bronco modeli səhrada sürətli yarışlar zamanı maksimal məhsuldarlığı təmin edən xüsusi Baja Mode hərəkət rejiminə sahib olub.
Ford Performance ofrouderin kuzovunun burulmaya qarşı sərtliyini 50 faizdən çox artırıb, High-Performance OffRoad Stability Suspension (HOSS) asqısını yenidən tənzimləyib və F-150 Raptor modelində olduğu kimi Fox amortizatorlarını quraşdırıb. Ofrouderin klirensi 33, təkər izi isə 187 santimetrə qədər artırılıb. Asqının gedişi də 60 və 40 faiz, müvafiq olaraq, 330 və 355 millimetrə qədər artırılıb.
Güc qurğusuna gəldikdə isə, altısilindrli turbomühərrik alternativsiz olaraq 10-pilləli “avtomat” ilə tandemdə çalışır. Xatırladaq ki, adi Bronco modeli ABŞ-da mexaniki transmissiya ilə də təklif olunur. Tam ötürmə sistemi 3,06:1 nisbətində azaldığı ötürməsi olan paylayıcı qutuya malikdir.
Ford Bronco Raptor modeli standart ofrouderdən eksteryer və interyer tərtibatı ilə fərqlənir. Məsələn, ekstremal versiyanın radiator barmaqlığında modelin deyil, markanın adı yazılıb. İşıq texnikası da yüngül şəkildə dəyişdirilib. Kuzovlar arasındakı fərq 25 santimetr təşkil edir. Salonda Ford Performance oturacaqları quraşdırılıb, avadanlıq siyahısına isə, adaptiv kruiz-kontrol və 10 dinamiki olan B&O səs sistemi daxil edilib. Üstəlik, ən güclü Bronco beşqapılı olacaqdır.
Bronco Raptor modelinin tamölçülü debütü 3 fevral tarixində King of the Hammers ofroud yarışlarında baş tutacaqdır. Mart ayında sifarişlərin qəbuluna başlanması və qiymət cədvəlinin açıqlanması gözlənilir. Ekstremal Bronco modelinin müştərilərə çatdırılmalarına bu ilin yayında başlanmalıdır.
Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.