Ford şirkəti ABŞ bazarında təklif etdiyi model cərgəsini optimallaşdırmağa davam edir: əvvəllər marka amerikalıları Fiesta, Focus və Taurus modellərindən məhrum etmişdi, indi isə növbə Fusion və Lincoln MKZ modellərinə çatıb. Bu modellərin son nüsxələri iyun ayında konveyer xəttini tərk etməlidirlər.

Lincoln MKZ

Ford Fusion və Lincoln MKZ modelləri hazırda Meksikadakı Hermosilyo zavodunda buraxılırlar. Hər iki modelin istehsalına bu ilin 21 iyun tarixində son veriləcəkdir. Bundan sonra, konveyerdəki boşalmış yeri Bronco Sport krossoveri tutacaqdır. Beləliklə, iyul ayına qədər Ford yalnız krossoverləri, ofrouderləri, pikapları və Mustang idman avtomobilini istehsal edəcəkdir. Lincoln markasının model xəttində yeganə sedan Continental modeli olaraq qalacaqdır.

Ford şirkətinin sedan və hetçbeklərin istehsalından imtina etmək niyyətində olduğu 2018-ci ildə elan edib. O zaman, şirkətin strateji planında ən populyar modellərin - F-150, Mustang, Explorer, Escape və Bronco ofrouderlərinin mərhələli şəkildə elektrikləşdirilmiş modifikasiyalarının buraxılması nəzərdə tutulmuşdu.

Ford Fusion

Carsalesbase.com saytının məlumatına görə, 2019-cu ildə ABŞ bazarında 166 mindən çox Ford Fusion modeli satılıb. 2020-ci ilin ilk rübündə isə təxminən 37 min avtomobil öz sahibini tapıb. Lincoln MKZ sedanına gəldikdə isə, onun nəticəsi daha azdır: 2019-cu ildə 17,7 min, bu ilin üç ayında isə 3,4 min avtomobil satılıb.

Mənbə: Ford Authority