Üç il əvvəl, Ford şirkəti Çin bazarı üçün xüsusi olaraq nisbətən sadə üç sıralı Equator krossoverini təqdim edib. Onun debütündən altı aydan sonra isə, qısaldılmış iki sıralı Ford Equator Sport modeli debüt edib. Qeyd etmək gərəkdir ki, hər iki model yerli Jiangling Ford birgə müəssisəsi tərəfindən istehsal olunur. Bununla belə, Çində bu cütlükdən ən çox satılan məhz Sport versiyasıdır – cütlüyün ümumi satışlarının dörddə üçü onun payına düşür (keçən il 27 min nüsxədə satılıb).
Üstəlik, bu cütlükdən yalnız Equator Sport ixrac olunur: o, Meksika, Səudiyyə Ərəbistanı və ya Vyetnamda Ford Territory kimi tanınır. Buna görə də, formal olaraq yeni sayılan Equator Sport versiyasının planlaşdırılmış restylinqdən keçməsində təəccüblü bir şey yoxdur.
Equator Sport ön tərəfin ikimərtəbəli optikasını itirmiş yeni dizaynını əldə edib. Radiator barmaqlığı və bamperlər tam şəkildə dəyişdirilib. Yeni aerodinamik dayaq sayəsində krossoverin uzunluğu 4630-dan 4685 millimetrə qədər artıb.
Bununla belə, avtomobilin eni (1935 millimetr), hündürlüyü (1706 millimetr) və təkər bazası (2726 millimetr) dəyişməz qalıb. Kuzovun rəng palitrasına iki yeni çalar əlavə olunub, 20 düymlük təkər diskləri isə, yeni dizaynı alıblar. Bununla belə, krossoverin baza versiyaları hələ də 18 düymlük disklərlə çatdırılırlar.
İnteryerdəki dəyişikliklər daha azdır. Ön panelin forması yenidən işlənib, lakin cihazlar paneli və media sistemin ekranları olan vahid klaster (hər biri 12,3 düym) dəyişməyib. Baş qurğu yeni Qualcomm Snapdragon 8155 prosessoru ilə çalışır və Tencent TAI+ ekosistemini dəstəkləyir.
Audiosistem indi 10 dinamikə və səs-küyün aktiv boğulması texnologiyasına malikdir. Dairəvi müşahidə sistemi artıq “şəffaf kapot” rejiminə malik olub və firma Co-Pilot 360 sürücü köməkçiləri dəsti də yenilənib. İkinci cərgənin oturacaqlarının qatlanması halında baqajın maksimal həcmi 1422 litr təşkil edir.
Kapotun altında heç bir dəyişiklik yoxdur: 1,5-litrlik dördsilindrli EcoBoost turbomühərriki əvvəlki kimi 170 at qüvvəsi və 260 Nm hasil edir və bütün dartma qüvvəsini ön oxa göndərən yeddi pilləli preselektiv “robot” ilə tandemdə çalışır.
Bununla belə, yaxın gələcəkdə modifikasiya çeşidinə təkrar doldurulan hibridin daxil olacağı gözlənilir. Plagin hibridi eyni “turbodördlük” ilə təchiz olunub, lakin mühərrikin gücü 150 at qüvvəsinə qədər azaldılıb və ona 82 at qüvvəli elektrik mühərriki kömək edir.
Sistemin ümumi gücü 218 at qüvvəsinə bərabərdir. CATL şirkətinin 18,4 kilovat/saatlıq litium-dəmir fosfat batareyası elektrik dartması ilə 95 kilometr məsafə qət etməyə imkan verəcək.
Yenilənmiş Ford Equator Sport krossoverlərinin qiymətləri hələlik açıqlanmayıb. Hazırda restaylinqdən əvvəlki avtomobillərin satış qiyməti 127 - 165 min yuan (18-24 min dollar) arasında dəyişir.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.