Ford şirkətinin Avropa bölməsi Fiesta modelinin tezliklə istefaya göndəriləcəyini elan edib. Avropa bazarında satılan Ford Fiesta Almaniyadakı zavodda yığılır və onun istehsalına 2023-cü ilin may ayında son vermək planlaşdırılır.
Fiesta modelinin Avropa bazarını tərk etməsi münasibəti ilə Ford modelin 46-illik tarixinə həsr olunmuş nostaljik bir videoçarx da hazırlayıb. Xatırladaq ki, Fiesta modeli 1979-cu ildə bazara çıxıb və 46 il ərzində yeddi nəsil dəyişdirib. Fiesta modelinin birbaşa varisi olmayacaq. Çox güman ki, onu qismən də olsa, Puma elektrik kross-hetçbeki əvəz edəcəkdir.
İyul ayında Ford şirkəti elektron komponentlərin kəskin çatışmazlığı səbəbindən Fiesta modelinə olan sifarişlərin qəbulunu dayandırmaq məcburiyyətində qalmışdı. Bu hal, modelin ən populyar versiyalarına olan növbənin bir ilə qədər uzanmasına səbəb olmuşdu.
Daha əvvəl, Ford şirkətinin Avropa ofisi “model xəttini istehlakçı tələbatına uyğunlaşdırmaq üçün sadələşdirib və optimallaşdıracağını” bildirmişdi. İlk ixtisara düşən versiya "qaynar" Fiesta RS modelinin üçqapılı versiyası olmuşdu. Onun ardınca satın alına bilən avtomobillər siyahısından adi üçqapılı hetçbek də yoxa çıxmışdı.
Ford Fiesta modeli ən yaxşı zamanlarında Avropada ildə 400-450 min nüsxəlik tirajla satılırdı. Bununla belə, son illərdə modelə olan tələbat 80 mindən də aşağı düşmüşdü. Məsələn, 2022-ci ilin ilk aylarında cəmi 7 608 Fiesta satılıb ki, bu da 2021-ci ilin müvafiq dövründəkindən (19 844 ədəd) 2,6 dəfə azdır.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.