Ford şirkətinin Avropa bölməsinin rəhbəri Stüart Rouli “Automotive News” nəşrinə verdiyi müsahibədə Almaniyanın Saarlui şəhərindəki Ford zavodunda buraxılan Focus modelinin istehsalının 2025-ci ildə tam şəkildə başa çatdırılmasını planlaşdırıldığını bildirib. Ford rəhbərliyi tərəfindən belə qərarın qəbul edilməsi, amerikan markasının elektromobillərin yığılmasına yönəlməsi ilə əlaqədardır. Uzun illərdir ki, Focus ailəsini istehsal edən zavodun aqibətinin nə olacağı da hələlik məlum deyil.

Hazırda Saarluidəki zavod Avropada Focus ailəsinin yığıldığı yeganə istehsal müəssisəsidir. Üç ildən sonra isə, Ford şirkəti əfsanəvi modelin istehsalını tamamilə dayandırmağı planlaşdırır. Eyni zamanda, şirkət istehsal müəssisəsi ilə nə edəcəyinə hələlik qərar verməyib. Amerikan markasının konveyerdə Focus modelini əvəz edəcək avtomobili hazırlamaq planları yoxdur, ona görə də, zavod başqa istehsalçıya satıla və ya tamamilə bağlana bilər.

İstənilən halda, Focus modelinin istehsalı ilə məşğul olan 4 600 əməkdaşı kütləvi ixtisar gözləyir. Amerikan istehsalçısı elektromobillərin istehsalına keçəcəkdir, onların yığılması üçün isə, daxili yanma mühərrikli avtomobillərin istehsalında çalışan qədər əməkdaş tələb olunmur. Eyni zamanda, gələcək batareyalı Ford modellərini Almaniyanın Köln və İspaniyanın Valensiya şəhərlərindəki müəssisələrdə istehsal edəcəklər.

Bu ayın əvvəlində Ford şirkətinin Focus modelinin Avropadakı istehsalını ciddi şəkildə azaldacağı məlum olub. Belə qərarın qəbul edilməsinə komponentlərin qıtlığı, eləcə də satışların aşağı düşməsi səbəb olub.

© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.