Önümüzdəki aylarda Ford Almaniyanın Zarlui zavodunda istehsal edilən Focus ailəsinin buraxılışını ciddi şəkildə azalda bilər. Bu barədə xəbəri Automotive News Europe nəşri yayıb. Belə qərarın qəbul edilməsinə Focus modelinin Avropadakı satışlarının azalması səbəb olub. 2022-ci ilin mayında 2021-ci ilin eyni ayı ilə müqayisədə satışlar 28,3% aşağı düşüb.
Bundan əlavə, Motor1 saytının bildirdiyinə görə, avtomobil istehsalçısı Ukraynadan gətirilən komponentlərin çatışmazlığı səbəbindən problemlərlə üzləşir, nəticədə avtomobillərin çatdırılma müddəti uzanaraq 12 aya çata bilər.
Zarluidəki zavod 1970-ci ildən fəaliyyət göstərir və hazırda burada Focus və onun “bərkgedən” ST versiyasını yığan altı min nəfərdən çox əməkdaş çalışır. Martın əvvəlində şirkətin Ukraynadan gətirilən və Sync 4 multimedia sistemi üçün lazım olan elektron komponentlərin çatışmazlığı ilə üzləşdiyi məlum olub.
Nəticədə şirkət belə mediasistemi olan avtomobillərə sifarişlərin qəbulunu müvəqqəti olaraq dayandırmaq məcburiyyətində qalıb. Bu, Almaniyadakı Ford zavodunda izafi işçi qüvvəsi probleminin yaranmasına səbəb olub.
Alman mətbuatının yazdığına görə, Zarlui zavodundakı istehsalın azaldılması ilə bağlı qərar bu ayın sonuna qədər verilə bilər. Digər mənbələrə görə isə, istehsalın həcmi yalnız avqustun 29-dan sonra azaldılacaqdır.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.