Ford şirkətinin yığcam Maverick pikapının yenilənmiş versiyasını təqdim etdiyi barədə artıq məlumat vermişik. Bununla belə, şirkət bu modelin həvəskarları üçün başqa bir sürpriz də hazırlayıb. Bu, səksəninci və doxsanıncı illərdə məşhur olan street truck (sürətli yol pikapları) mədəniyyətindən ilhamlanan dəbli və sürücüyönümlü Ford Maverick Lobo pikapıdır.

Hazırda Maverick pikapının Ford brendinin Amerikadakı çeşidində ən əlçatan model olduğunu nəzərə alsaq, Lobo versiyasının kiçik litrajlı minik avtomobillərinə əsaslanan hot-hetçlərin bir növ yerli analoqu olduğunu söyləmək mümkündür.

Ford Maverick Lobo zahiri cəhətdən standart analoqlarından şaquli çubuqları olan fərqli radiator barmaqlığı, eləcə də kuzovun rənginə boyanmış tərtibatı dəyişdirilmiş bamperləri ilə seçilir. Palitraya mavi, boz, ağ və qara rənglər daxildir. Modifikasiyanın adı olan çoxsaylı nişanlar nəzərdə tutulub, effektiv obrazı isə, möhtəşəm 19 düymlük Turbofan diskləri tamamlayır.

Pikapın interyeri mavi və sarı saplardan təzadlı tikişləri olan dəri ilə üzlənmiş oturacaqlarla bəzədilib. Ancaq daha vacib olan şassinin təkmilləşdirilməsidir. Pikap yeni yay və amortizatorlar, həmçinin daha səmərəli stabilizatorlar ilə təchiz edilib. Klirens öndə 13, arxada isə 29 millimetr azaldılıb, avtomobilin hündürlüyü isə, 20 millimetr aşağı düşüb. Sükan idarəeməsi də yenidən tənzimlənib.

Kapotun altındakı 2.0 EcoBoost turbomühərriki (253 at qüvvəsi) adi benzin pikapında olduğu kimi qalır. Bununla belə, daha böyük radiator və daha səmərəli ventilyator mühərrikin soyumasını əhəmiyyətli dərəcədə yaxşılaşdırıb. Lakin ötürmələr qutusu fərqlidir: adi Maverick səkkiz pilləli “avtomat” ilə təchiz olunduğu halda, Lobo versiyasında iki muftalı yeddi pilləli “robot” var.

Tamötürməli transmissiya da fərqlidir: adi mufta əvəzinə arxada iki bort friksionları olan modul quraşdırılıb - belə sxemdən pikapın eyni platformanı paylaşdığı Bronco Sport krossoverində və Avropa Focus ST hot-hetçində də istifadə edilir. 

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Doğrudur, dartma vektoruna nəzarət yalnız Lobo adlanan ən “hirsli” idarəetmə rejimində aktivləşdirilir - tərtibatçılar ondan yalnız trekdə istifadə etməyi məsləhət görürlər. Nəhayət, ön tərəfdəki iki porşenli supportları olan əyləclər Focus ST modelindən götürülüb.

Ford Maverick Lobo pikaplarına sifarişlər artıq qəbul edilir. Lobo versiyasının qiyməti 40,500 dollardan başlayır (dilerə çatdırılma istisna olmaqla) və o, indi ailədəki ən bahalı versiyasıdır. İlk əmtəə avtomobilləri 2025-ci ilin əvvəlində müştərilərə təhvil veriləcək.

@ Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Məqalədən istifadə zamanı sayta istinad etmək mütləqdir.