Ford şirkəti son 15 il ərzində hazırladığı ilk Mustang Mach 1 modelini təqdim edib. Mustang Mach 1 modeli 482 at qüvvəsi və 569 Nm fırlanma anı hasil edən 5,0-litrlik səkkizsilindrli atmosfer mühərriki ilə təchiz edilir. Eyni mühərrik, Mustang modelinin daha bir məşhur versiyası olan Mustang Bullitt kupesinin kapotunun altında yerləşdirilib.
Ford Mustang Mach 1 kupesi "mülki" versiyalar ilə "bərkgedən" Shelby modelləri arasında yerləşəcəkdir. Yeri gəlmişkən, Mach 1 kupesi Shelby GT350 modelindən götürülmüş 6-pilləli Tremec 3160 mexaniki ötürmələr qutusu, habelə asqı elementləri və soyutma sistemi də daxil olmaqla digər komponentlər ilə təchiz edilir. Alternativ olaraq, 10-diapazonlu avtomatik ötürmə qutusu da təklif edəcəkdir.
Ford mühəndisləri kapotdakı iri hava qəbuledicilərindən imtina edərək, onları nazik kəsiklərlə əvəz ediblər. Bundan başqa, kupe üçölçülü naxışı olan radiator barmaqlığına, iti formalı ön splitterə, yan ətəklərə və Shelby GT500 modelindən alınmış diffuzora sahib olub. Beşqollu 19-düymlük təkər diskləri klassik Magnum 500 üslubunda dizayna malikdirlər.
Mustang Mach 1 modelini eksklüziv Fighter Jet Grey gümüşü,həmçinin narıncı Twister Orange və mavi Velocity Blue çalarları da daxil olmaqla yeddi rəngdə sifariş etmək olar.
İlk Mach 1 modeli 1968-ci ildə təqdim edilib və səs sürəti həddinin şərəfinə adlandırılıb. Bu ada malik olan son maslkar 2000-ci illərin əvvəllərində satışa çıxarılmışdı. Həmin avtomobil 309 at qüvvəsinə sahib olan 4,6-litrlik səkkizsilindrli mühərrik ilə təchiz edildi.
Yeni Ford Mustang Mach 1 modeli 2021-ci ilin yayında satışa çıxarılacaqdır. Modelin qiyməti satışların başlanmasına yaxın elan ediləcəkdir.