Ford şirkəti yenilənmiş Mustang modeli üzərindən sirr pərdəsini qaldırmışdır. Sportkar zahirən dəyişmiş, daha güclü olmuş və 10 pilləli avtomatik ötürmələr qutusunu əldə etmişdir. Bununla bərabər, «əzələ avtomobili» opsional olaraq quraşdırıla bilən rəqəmsal cihazlar panelini əldə etmişdir.
Yenilənmiş avtomobili əsasən dəyişdirilmiş işıq texnikasına görə tanımaq mümükündür. Ön fənərlər tamamilə yeni formaya malik olmuşdurlar. Arxa fənərlər də işıqdiodlarından hazırlanır və yeni quruluşa malikdirlər.
Bundan başqa, ön kapotun forması və vəziyyəti dəyişdirilmişdir - avtomobilin «burunu» 20 millimetr aşağıda yerləşir. «Masl-karın» salonu ümumilikdə dəyişilməz qalsa da, artıq Mustang modeli ənənəvi cihazlar panelini əvəz edən 12-düymlük tənzimlənən LCD-displey ilə təchiz edilir. Ford Mustang modelinin əlavə avadanlıq siyahısı öndən toqquşmaları xəbərdar etmə və avtomobili təyin edilmiş zolaqda saxlama funksiyaları da daxil olan müasir təhlükəsizlik sistemlərinin geniş çeşidi sayəsində zənginləşmişdir. Əlavə olaraq, bu siyahıya «qaynar» Shelby GT350 modeli üçün təklif edilən MagneRide adaptiv asma sistemi də daxil edilmişdir.
Səkkiz silindrli mühərriklə təchiz edilən modifikasiya üçün isə dəyişən səs yüksəkliyi olan buraxılış sistemi də təklif edilir. Bundan başqa, Mustang yeni amortizatorlara və köndələn dayanıqlılıq stabilizatorlarına sahib olmuşdur.
Əvvəl də qeyd etdiyimiz kimi, model üçün təklif edilən mühərriklər arasında artıq 3,7-litrlik V6 güc aqreqatı olmayacaqdır. Ford Mustang 2,3 litrlik dörd silindrli EcoBoost turbomühərriki və sıxılma gücü 11:1 nisbətindən 12:1 nisbətinə qaldırılmış 5,0-litrlik V8 mühərriki ilə təchiz ediləcəkdir. Təkmilləşdirilmiş birbaşa çiləmə sisteminə sahib olmuş avtomobil həm güclü, həm də qənaətcil olmuşdur.
Ford Mustang bundan sonra 6 pilləli mexaniki ötürmələr qutusu ilə yanaşı 10 pilləli avtomatik ötürmələr qutusu ilə də təchiz ediləcəkdir. Ford nümayəndələrinin sözlərinə görə, yeni qutu əvvəlki 6 pilləli «avtomata» nisbətən daha çevikdir. Altı pilləli mexaniki ötürmələr qutusu da yenilənmişdir: yeni qutu iki diskli muftaya və ikiçəkili nazim-çarxa malik olmuşdur. Yenilənmiş Ford Mustang modelinin satışlarına bu ilin payızında başlanacaqdır.