Ford şirkəti yeni nəsil Fiesta modeli haqqında ətraflı məlumatı dərc etmişdir. Satışları 2017-ci ilin ortalarında başlanacaq yeni model noyabr ayının 29 tarixində Almaniyada keçirilmiş xüsusi “Go Further” adlı tədbirdə təqdim edilmişdir.

Əvvəlki modellə platformanı bölüşdürən hetçbek 71 millimetr üzun, 12 millimetr daha enli olmuşdur. Beləliklə, yeni Fiesta 4040 millimetr qabarit uzunluğuna və 1734 millimetr enə malikdir. Avtomobilin təkər bazası da böyüyərək 2493 millimetrə (+4 millimetr) bərabər olmuşdur. Eyni zamanda Fiesta’nın ön və arxa təkər izi müvafiq olaraq 30 və 10 millimetr artmışdır.

Bundan başqa şassının burulmaya qarşı sərtliyi 15 faiz artırılmışdır. Ford nümayədələri səs izolyasiyası gücləndirildiyini və titrəmələrin səviyyəsinin azaldığını bildirirlər. Güc aqreqatlarının yaxşılaşdırılmış səs izolyasiyası və digər yeniliklər sayəsində 100 km/saat sürətində yeni Fiesta modelinin salonu sələfinə nisbətən yeddi faiz daha səssizdir. 

Yeni modelin mühərrik çeşidinə 100, 125 və 140 at qüvvəsi gücü olan üç silindrli EcoBoost turbomühərrikləri daxil edilmişdir. Bu güc aqreqatları beş pilləli mexaniki ötürmələr qutusu ilə birlikdə çalışırlar. Alternativ olaraq altı diapazonlu “avtomat” da sifariş etmək mümkündür. 1,0-litrlik üç silindrli turbomühərriklə bərabər, 70 və ya 85 at qüvvəsi gücü olan 1,1-litrlik üç silindirli mühərrik də təlkif ediləcəkdir. Dizel güc aqreqatları 85 və 120 at qüvvəli 1,5-litrlik mühərriklərlə təmsil ediləcəkdir.

Yeni Fiesta modeli üçün 4.2, 6.5 və 8,0-düymlük ekranları olan SYNC 3 multimedia kompleksi, Bang&Olufsen səs sistemi və bir çox müasir təhlükəsizlik sistemləri nəzərdə tutulmuşdur. Misal üçün, yeni Fiesta öndən toqquşmaları önləyən və piyadaları aşkar edən funksiya ilə təchiz edilmiş ilk Ford avtomobilidir. Ford Fiesta modelinin bahalı modifikasiyaları təhlükəsizlik sistemlərinin fəaliyyətini təmin edən  iki kamera, üç radar və on iki ultrasəs sensorları ilə təchiz ediləcəkdirlər.