Kçik ölçülü Ford Maverick pikapı 2021-ci ildə təqdim edilib. O, krossover platformasına əsaslanır və daşıyıcı kuzova malikdir. Bununla belə, yığcam pikap amerikalı alıcıların xoşuna gəlib: keçən il ABŞ bazarında 94 min belə pikap satılıb. İndi isə, Maverick yenilənmiş versiyada təqdim olunub.
Restaylinqdən sonra, Ford Maverick modelinin görünüşü nəzərəçarpacaq dərəcədə dəyişib və daha aqressiv olub. Pikap yeni faraları, radiator barmaqlığı və bamperi əldə edib. Bundan əlavə, pikapın zahiri görünüşü seçilmiş versiyadan çox asılıdır. Məsələn, zəngin Lariat versiyasında 19 düymlük təkər diskləri var, opsional Black Package dəsti isə, qara barmaqlıq, dam, loqotiplər və təkər diskləri ehtiva edir. Kuzov rəngləri palitrası yenidən işlənib və genişləndirilib.
Media sisteminin səkkiz düymlük displeyi yeni 13,2 düymlük variantla əvəzlənib. Sync 4 multimedia sistemi Apple CarPlay və Android Auto simsiz protokollarını dəstəkləyir. Analoq cihazlar panelini səkkiz düymlük rəqəmsal ekran əvəzləyib. İnteryer tərtibatında istifadə olunan materiallar və rənglər dəyişdirilib. Artıq yük bölməsində əlavə bölmələr, orqanayzer və elektrik rozetkaları var.
Baza hibrid güc qurğusu dəyişməz olaraq qalır: 2,5-litrlik atmosfer mühərriki elektromotor və elektromexaniki variator ilə tandemdə işləyir. Sistemin maskimal gücü 194 at qüvvəsinə bərabərdir. Bununla belə, müştərilərin çoxsaylı xahişlərini nəzərə alan istehsalçı, hibrid Maverick pikapını təkcə ön ötürmə ilə deyil, həm də tam ötürmə sistemi ilə təklif edəcək. Üstəlik, bu sxem arxa oxda əlavə elektrik mühərriki olmadan həyata keçirilir. Hibridin yükgötürmə qabiliyyəti ötürmə növündən asılıdır: ön ötürməli pikap 680, tam ötürməli isə, 635 kiloqram yük qəbul edə bilər.
Modifikasiya çeşidində 2.0 EcoBoost turbomühərriki (253 at qüvvəsi) və səkkiz pilləli avtomatik transmissiyası ilə əchiz edilən benzin versiyası da qalır, lakin bundan sonra o, yalnız tam ötürməli transmissiya ilə əlçatan olacaq. Belə Maverick 680 kiloqram yük daşıya bilir, lakin Tremor ofroud versiyası 517 kiloqrama qədər azaldılmış yükgötürmə qabiliyyətinə malikdir. Yedəyə alınan qoşqunun icazə verilən çəkisi bütün versiyalar üçün 907 kiloqramdır, lakin 4K Tow Package sayəsində bu göstərici iki dəfə artırıla bilər.
ABŞ-da yenilənmiş Ford Maverick pikaplarına sifarişləri avqustun 1-də qəbul etməyə başlayacaqlar, lakin ilk avtomobillər müştərilərə yalnız ilin sonunda çatdırılacaq. Qiymətlər 26,300 dollardan başlayacaq, baxmayaraq ki, yenilənmədən əvvəlki Maverick üçün ən azı 23,900 dollar tələb olunur.
@ Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Məqalədən istifadə zamanı sayta istinad etmək mütləqdir.