Ford şirkəti Transit və Transit Custom furqonlarının yolsuzluq üçün nəzərdə tutulmuş Trail versiyasını təqdim edib. Texniki cəhətdən bəzi dəşikliklərə məruz qalmış furqonlar Raptor modellərinin üslubunda radiator barmaqlığına da sahib olublar. Transit Trail və Transit Custom Trail modellərinin Avropadakı satışlarına yay aylarında başlanmalıdır.
Yolsuzluqda istifadə ediləcək furqonlar yeni radiator barmaqlığı ilə yanaşı, ön və arxa bamperləri, habelə yan kandarları plastikdən hazırlanmış xüsusi müdafiə qurşağı ilə təchiz edilirlər. Bundan başqa, ön qapılarda Trail yazıları da peyda olubdur. Furqonlar 16-düymlük qara rəngli xüsusi təkər diskləri ilə də təchiz edilirlər. Transit Custom modeli bütün bu göstərilənlərə əlavə olaraq, damda quraşdırılan relinqləri də əldə edib.
Furqonların mürəkkəb yolsuzluqda idarə edilməsini asanlaşdırmaq üçün, onları məhdud sürtünməli differensial və yaş səthlərdə sürüşmələrin qarşısını alan çəkişə nəzarət sistemi ilə təchiz ediblər. Məlum məsələdir ki, yolsuzluqda istismarı düşünülən furqonlar tam ötürməyə də malik olublar. "Ağıllı" sistem gərək olduqda mühərrikin fırlanma anını 50:50 nisbətində iki ox arasında bölüşdürə bilər. Adi halda fırlanma anı ön oxa ötürülür.
Furqonlar 130, 170 və 185 at qüvvəli 2,0-litrlik EcoBlue dizel mühərrikləri ilə təklif edilirlər. Bundan başqa, Transit Custom Trail modelini 48-voltluq şəbəkədən qidalanan hibrid əlavə ilə də sifariş etmək olar.
Eyni zamanda, Ford şirkəti Transit Custon və Torneo Custom modellərinin Active indeksli versiyalarını da təqdim edib. Active indeksli furqon və miniven radiator barmaqlığının və salonun tərtibatı ilə fərqlənirlər. Tam ötürmə sistemi təklif edilməsə də, bu modellər üçün məhdud sürtünməli differensial da nəzərdə tutulmuşdur.
Active modellərinin standart təchizatına 17-düymlük təkər diskləri və damda quraşdırılna relinqlər daxil edilib. Ford Torneo Active miniveni yalnız 8+1 oturacaq formulu ilə təklif edilir. Mühərriklərə və opsiyalara gəldikdə isə, onlar Trail modellərindəkilər ilə eynidir.