Volkswagen və Ford şirkətlərinin rəhbərləri Herbert Diss və Cim Hekett Detroytda keçirdikləri mətbuat konfransında kommersiya texnikasının istehsalı üzrə ittifaqın yaradıldığını elan ediblər. Söhbət iki şirkətin birləşməsindən getmir. İstehsalçıların birgə hazırladıqları məhsullar orta ölçülü pikaplar olacaqdır. Pikaplar 2022-ci ildə satışa çıxarılacaqdırlar.
Diss və Hekett səhmlər mübadiləsinin və ya birləşmənin digər formasının olmayacağını bildiriblər. Hər iki şirkətin sahibləri dəyişməyəcəkdirlər. İttifaqın idarəedilməsi ilə xüsusi yaradılmış birgə komitə məşğul olacaqdır.
İttifaqın əsas məqsədi kommersiya texnikasının yaradılması və hazırlanmasına çəkilən xərclərin azaldılmasıdır. istehsalçılar yeni platformaların yaradılmasına qoyulacaq sərmayəni öz aralarında bölüşdürəcəkdirlər. İstehsala çəkilən xərclər də miqyas effekti sayəsində azalmalıdır.
Bu il Volkswagen və Ford ümumilikdə dünya üzrə 1,2 milyon yüngül kommersiya avtomobilləri satıblar. Qeyd etmək lazımdır ki, Ford şirkətinin payına bu satışların 60% düşür. Maliyyə cəhətdən Volkswagen şirkətinin işləri daha yaxşıdır. Dizel qalmaqalına baxmayaraq, 2017-ci ildə alman istehsalçısı 13,818 milyard avro əməliyyat gəlirləri əldə edib. Ford şirkətininin gəlirləri isə 7,6 milyard olub.
İttifaqda cavabdehlik belə bölünəcəkdir: Ford orta ölçülü pikapın və iri kommersiya furqonunun yaradılması və istehsalı ilə məşğul olacaqdır, VW isə kiçik şəhər furqonunu hazırlayacaqdır.