Ford şirkətinin Avropa filialı tərəfindən geymerlərlə birlikdə hazırlanmış virtual Team Fordzilla P1 superkarı metalda yaradılıb. Tam ölçülü modelin hazırlanmasına rekord müddət - yeddi həftə tələb olunub. Eyni zamanda, layihənin təşkilatçıları beş müxtəlif ölkədə yaşayırlar və bir-biri ilə əlaqəni İnternet vasitəsilə yaradıblar.
Team Fordzilla P1 superkarını, Fordzilla markası altında fəaliyyət göstərən Fransa, Almaniya, İtaliya, İspaniya və Böyük Britaniyadan olan geymerlər yaradıblar. Ford dizaynerləri Arturo Arinyo və Robert Engelmann onların istəklərini nəzərə alaraq virtual prototipi hazırlayıblar. İndi isə avtomobili metaldan yaradıblar. Fiziki maket üzərində beş ölkədən olan qrup çalışıb, lakin son yığılma prosesi markanın Kölndə yerləşən yerli fabrikində həyata keçirilib.
Prototipin uzunluğu 4731 millimetr, eni - 2000 millimetr, hündürlüyü is 895 millimetrdir. Beləliklə, prototip Ford GT modelindən bir qədər kiçikdir. Bununla belə, Fordzilla P1 gerçək modeldən çox şeyi götürüb. Məsələn, avtomobil ön tərəfin xarakterik tərtibatına malikdir, habelə kokpit və arxa təkərləri vizual şəkildə birləşdirən dayaq-kontforslar mövcuddur. Salonda, qırıcı təyyarələrin üslubunda şüşə fənərlə örtülmüş iki kreslo var. Hesab olunur ki, avtomobili idarə edərkən sürücünün diqqəti yayınmamalıdır və bu səbəbdən də ətrafdakı LED göstəricilər yarışın gedişatı barədə məlumat verir, pitleyndəki komanda ilə isə, sükan çarxındakı ekran vasitəsilə əlaqə qurmaq olar.
Avtomobilin "geymerlər tərəfinfən geymerlər üçün" yaradıldığından, virtual yarış dünyasına istinadlara da yer tapılıb. Sərnişinin qarşısındakı döşəmədə bu oturacaqdakı şəxsin məşğul olduğunu xatırladan AFK (Away From Keyboard, klaviaturadan uzaqlaşıb) qısaltması tətbiq olunur. Burada həkk edilmiş #levelup və #liftoff yazıları, geymerin daim özünü inkişaf etdirməsinə və avtomobilin real dünyada görünəcəyinə işarə kimi xidmət edir. Əsas şüar - GLHF (Good Luck, Have Fun, uğurlar və əylən) isə, ön spoyleri bəzəyir.