Ford şirkəti dördüncü nəsil Focus RS modelini buraxmaqdan imtina edib. Şirkət hazırkı şəraitdə “bərkgedən” hetçbekin yaradılmasınını çox baha başa gələcəyini hesab edir.

Bu qərarın əsas səbəbləri, Avropa Birliyinin mühərriklərin ekoloji təmizliyinə qarşı artan tələbləri və müvafiq olaraq cərimələrin artması, hibrid güc qurğularının yaradılmasının isə baha başa gəlməsidir. Modelin satışının ümumiyyətlə aşağı səviyyədə olduğunu nəzərə alsaq, belə xərclər bu günki mürəkkəb iqtisadi şəraitdə markanın maddi rifahını təhlükəyə ata bilər.

İlkin olaraq, yeni Focus RS modelinin 48-voltluq startyor-generatoru olan "yumşaq" hibrid güc qurğusu ilə təchiz edilməsi planlaşdırılmışdı.  Lakin, bu variantın Avropa ekoloji standartlarına uyğun gəlmədiyi üçün,  şirkət cərimə ödəməli olacaqdı. Buna görə, marka yeni Ford Kuga modelinin hibrid qurğusunun Focus RS üçün adaptasiya etmək qərarına gəlsə də, indi bu çalışmaları dayandırıb.

Focus RS modelinin artıq buraxılmayacağı barədə söz-söhbət uzun müddətdir ki davam edir. Ford Focus modeli 2018-ci ildə nəsil dəyişdirsə də,  hələlik "bərkgedən" versiyaya sahib olmayıb. Ayrıca, hər nəsil ilə birlikdə modelin gücü artırılıb ki, bu da vəziyyəti bir qədər çətinləşdirir. Xatırladaq ki, ikinci nəsil Focus RS hetçbeki  305 at qüvvəsində mühərriklə təchiz edilirdi, üçüncü nəslin mühərrikinin gücü 350 at qüvvəsinə qədər artırılmışdı. Belə çıxır ki,hot-hetçin dördüncü nəsli 400 at qüvvəsində güc qurğusunu almalı idi.