Ford şirkəti ixrac bazarlarında satılacaq yeni Ranger pikapı barədə təfərrüatları açıqlayıb. Yeni Ford Ranger Tailandda 27,7 min dollardan başlayan qiymətlə satılır. Ilin sonuna qədər yeni pikap digər Asiya ölkələrində satışa çıxarılacaqdır. Sonra növbə Avropaya gələcəkdir. Burada yeni Ranger bir neçə dizel mühərriki və “bərkgedən” Raptor versiyası üçün nəzərdə tutulmuş 3,0-litrlik V6 EcoBoost benzin turbomühərriki ilə təklif ediləcəkdir.
Baza dizel versiyası 2,0-litrlik EcoBlue “turbodördlüyü” ilə təklif ediləcəkdir. Mühərriikin bir turbokompressorlu versiyası 170 at qüvvəsi, iki turbokompressorlu versiyası isə 210 at qüvvəsi hasil edəcəkdir. Birinci halda mühərrik mexaniki transmissiya və ya 6-pilləli “avtomat” ilə təchiz ediləcəkdir. Ötürmə - arxaya və qoşulan tam olacaqdır. İkinci halda isə, mühərrik 10-pilləli “avtomat” ilə tandemdə çalışacaqdır.
Dizel çeşidinin zirvəsində 3,2-litrlik mühərriki əvəzləmiş 3,0-litrlik V6 mühərriki yerləşir. Ranger modelində bu mühərrik 250 at qüvvəsi hasil edir, 10-pilləli “avtomat” və tam ötürmə sistemi ilə birlikdə çalışır. Belə pikap üçün opsional arxa differensialın kilidlənməsini sifariş etmək olar.
Ekstremal Ranger Raptor modeli üçün yeganə 3,0-litrlik V6 EcoBoost benzin turbomühərriki bəyan edilib. Satış bazarından asılı olaraq, mühərrik 288 və ya 397 at qüvvəsi hasil edir. Transmissiya - 10-pilləli “avtomat”, ötürmə - azaldıcı cərgəyə, habelə ön və arxa təkərlərarası differensialın kilidlənməsinə malik olan tam ötürmə sistemidir.
Sonradan Ranger Raptor pikapı dizel mühərriki ilə də təklif ediləcəkdir. Bəzi Avropa ölkələrində yeni Ford Ranger dördsilindrli benzin turbomühərrikləri ilə təklif ediləcəkdir. Lakin bu mühərriklərin güc xarakteristikaları açıqlanmayıb.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.