Forgiato tüninq atelyesi xüsusi olaraq hazırladığı Maserati Ghibli modelini təqdim edib. Tünerin bu modeli seçməsi təsadüfi deyildir – Ghibli modeli Amerika Birləşmiş Ştatlarında çox populyardır. Statistikaya görə, təkcə ABŞ-da 20 min Ghibli modeli satılıbdır.
Tüner Gangster Ghibli adlandırdığı sedanı ilk növbədə xameleon effekti verən örtük ilə üzləyib. Əlbəttə ki, Forgiato 22-düymlük Forgiato Flow 001 disklərini təklif etməsəydi Forgiato olmazdı. Nəticədə italyan sedanı adına layiq olan görkəmə malik olub.
Maserati Ghibli modeli italyan istehsalçısı tərəfindən 2013-cü ildən başlayaraq buraxılır. Məlumdur ki, bu ad keçən əsrin 60-70-ci iilərində buraxılan kupeyə məxsus olub. Keçən il avtomobil yenilənməyə məruz qalıbdır. Avtomobil cüzi olaraq zahiri cəhətdən dəyişikliyə məruz qalıb və yeni avadanlıqlarla təchiz edilib.
Bununla birlikdə, italyan markası sedan üçün təklif edilən opsiyalar dəstini iki tərtibat xəttinə ayırıb. Artıq əlçatan sedan GranLusso (şəkildəki) və GranSport variantlarında təklif edilir.
İtalyan sedanı 275 at qüvvəli 3,0-litrlik altı silindrli dizel, 350 at qüvvəli 3,0-litrlik altı silindrli benzin mühərriki ilə təchiz edilir. Modelin S Q4 adlı top variantı 410 at qüvvəli benzin mühərriki ilə təklif olunur. Güc aqreqatları səkkiz pilləli avtomatik ötürmələr qutusu ilə tandemdə çalışır. Tam çəkişli Maserati Ghibli S Q4 sedanı 100 km/saat həddinə 4,8 saniyəyə sürətlənir.