Dünən Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin elan etdiyi «Formula 1 Avropa Qran Prisi jurnalistlərin gözü ilə» adlı məqalə müsabiqəsinin nəticələri elan olundu. Əməliyyat şirkətinin rəsmisi Nigar Arpadarainin bildirdiyinə görə, müsabiqəyə on bir məqalə təqdim edilmişdir. Müsabiqəyə qatılan jurnalistlər arasında qalibləri müəyyən etmək üçün, tərikibinə tanınmış Formula 1 şərhçisi Rəhim Əliyevin də daxil olduğu üç nəfərdən ibarət münsiflər heyəti yaradılmışdı.

Qaliblərin elan edilməsinə həsr edilmiş tədbirdə çıxış edən R.Əliyev məqalələrin beş kriteriya üzrə qiymətləndirildiyini qeyd etdi. O, həmçinin, gözlədiyinin əksinə müsabiqədə daha çox məqalənin iştirak etdiyi üçün məmnunluq hissini keçirdiyini bildirdi.

Beləliklə müsabiqədə birinci yerə Friday.az saytında yayımladığı «Formula 1 – Odlar ölkəsində, sürət zirvəsində!» (Formula 1 - Ещё быстрей в стране огней!) adlı məqalə ilə Aysel Qənbərova sahib oldu. İkinci yerə Sənan Abdullayev yiyələndi və o, bu uğura «xezerxeber.com» saytında dərc etdiyi «Real həyatın 1-ci formulası…» adlı məqalə ilə nail oldu. F-1.az saytında yayımlanan «Bakı Şəhər Halqası: Döngələr və tribunalar» adlı məqalə Elçin Zodorova üçüncülüyü qazandırdı.

Hal-hazırda müsabiqədə iştirak edən və qalib gələn ilk üçlüklə tanış olduqda ikinci yer tutmuş Sənan Abdullayevin «Real həyatın formulası…» məqaləsinin bizim üçün daha maraqlı olduğunu söyləmək istərdik.

Müsabiqənin qalibi Aysel Qənbərova

Hiss olunur ki, müəllif məqaləni yazarkən keçirdiyi həyəcan və emosiyaları öz yazısında daha qabarıq göstərə bilmişdir. Sözün açığı, digər iki məqalədə biz buna rast gəlmədik. Əlbəttə ki, bu bizim subyektiv fikrimizdir.

Münsiflər heyətinin əldə rəhbər tutduğu beş kriteriyadan bixəbər olduğumuz üçün bu məsələdə obyektiv olduğumuzu iddia edə bilmərik.

Hər halda son söz məqalələrin ünvanladığı oxucuların olacaqdır.

İsənilən halda biz, müsabiqədə qalib gəlmiş həmkarlarımızı əldə etdikləri qələbə münasibəti ilə təbrik edər və onlara gələcək yaradıcılıqlarında uğurlar arzulayırıq.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt