31 oktyabr tarixində Parisdə Formula 1 çempionatının kommersiya hüquqlarının sahibi, FIA və komandaların iştirakı ilə iclas keçiriləcəkdir. Görüşün əsas mövzusu 2021-ci ildə qüvvəyə minəcək mühərriklər barədə yeni reqlament olacaqdır.

Eyni zamanda, tərəflər tam çəkiş sisteminə keçmək məsələsi ətrafında da müzakirələri aparacaqdırlar. Autosport nəşrinin bildirdiyinə görə, bunun başlıca səbəbi bahalı MGU-H mühərrik-generatorundan imtina edilməsi ehtimalıdır. Buna alternativ olaraq, kinetik enerjinin rekuperasiyası (KERS) sisteminin ön oxda quraşdırılması təklif edilir. Faktiki olaraq, bu F1 avtomobillərinin tam çəkişli olacağı deməkdir.

WEC çempionatında çıxış edən Porsche 919 Hybrid sportprototiplərində olduğu kimi, KERS sisteminin ön oxda yerlədirilməsi döngələrdəki mexaniki ilişmənin artmasına xidmət göstərəcək və avtomobillərin bir-birinə yaxın getməsini təmin edəcəkdir. Digər tərəfdən bu texnologiya da bahadır, üstəlik, onsuz da yüngül olmayan F1 avtomobillərinin çəkisinin artmasına gətirib çıxaracaqdır.

“MGU-H sistemindən imtina edilməsi nəticəsində itirlən elektrik enerjisini əvəzləmək üçün bir neçə üsul mövcuddur. Bu variantlardan biri ön öxda olan mühərrik-generatordur, - Mercedes Motorsport komandasının rəhbəri Toto Volf bildirib. – Tam çəkiş mövzusunu çox da qabartmaq gərək deyildir. Lakin, bütün mümkün variantlar müzakirə edilməlidir”.

Haas F1 komandasının sahibi Cin Has tam ötürmə variantını diqqətlə incələməkdə fayda olduğunu bildirib. “Formula 1 hibrid mühərriklərə keçməklə düşdüyü tələyə bir daha düşə bilər, - Has bildirib. – İlk baxışdan ideya sadə görünür, əslində isə belə deyildir. “Gəlin tam çəkişə keçək” deməzdən əvvəl hər şeyi tam şəkildə təhlil etmək gərəkdir. Yenə də bir komanda irəli sıçrayış edə bilər, qalanlar isə yenidən ona çatmaq məcburiyyətində qalacaqdırlar”.

Əslində Formula 1 seriyasında tam çəkiş məsələsi ilk dəfədir ki gündəmə gəlmir. Əvvəllər McLaren və Lotus kimi komandalar bu sahədə eksperimentlər aparmış və hətta tətbiq də etmişdilər.

1982-ci ildə tam çəkiş qadağan edilməyənə qədər Ferguson, BRM, və Matra kimi komandalar da belə ideyalarla çıxış edənlər arasında olublar.