Çinin Foton markası Azərbaycanda əsasən kommersiya avtomobilləri sayəsində tanınır. Lakin, bu günlərdə Çin istehsalçısı Ford F-150 Raptor üslubunda dizayna malik olan yeni orta ölçülü General pikapının şəkillərini nümayiş etdirib. Əlavə olaraq, istehsalçı, P4 modul arxitekturasının ilki olacaq böyük dəbdəbəli pikapın eskizini dərc edib. Hər iki pikap, iki həftə sonra işinə başlayacaq Pekin avtosalonunda debüt etməlidir.
Foton General
Foton General pikapı artıq yerli casusları tərəfindən “ovlanıb”: şəkillərdən göründüyü kimi, söhbət orta ölçülü pikapdan gedir. Çin istehsalçısı General modelini dünyanın ən çox satılan pikaplarından biri olan Ford F-150 pikapına bənzətməyə çalışıb.
Foton General modelinin bəzi texniki göstəriciləri məlumdur: modelin mühərriklər çeşidi 2,0 və 2,5-litrlik dizel və 2,0-litrlik benzin turbomühərriklərindən ibarət olacaqdır. Dördsilindrli benzin mühərriki 238 at qüvvəsi, eyni silindr sayına malik olan baza dizel mühərriki isə 390 Nm fırlanma anına hasil edəcəkdir. Bütün mühərriklər 8–pilləli ZF “avtomatı“ ilə təchiz ediləcəkdirlər. Digər məlumatlar hələlik gizli saxlanılır. Çox güman ki, Foton General modeli sərt şəkildə birləşdirilən ön oxa malik olan tam ötürmə sistemini alacaqdır.
Foton General
Tam ölçülü Foton pikapı haqqında məlumat daha azdır. Çin markası modelin dizayner eskizini dərc edib - görünən odur ki, model orijinal dizayna və yuvarlaq formalara sahib olacaqdır.
İri pikapın əsasını yeni P4 arxitekturası təşkil edəcəkdir və avtomobilin mühərrik çeşidinə 3,8-litrlik turbodizel və 48 voltluq şəbəkədən çalışan startyor-generatordan ibarət olan hibrid güc qurğusu daxil ediləcəkdir. Yüksək fırlanma anına malik olan mühərrik 9-pilləliı “avtomat” ilə tandemdə çalışacaqdır. Pikapın benzin və sırf elektrik mühərriki ilə hərəkətə gələn versiyaları da təklif ediləcəkdir. Bu pikap Foton markasının flaqmanı olacaqdır.
Foton General pikapı ictimayyət qarşısına seriya modeli şəklində çıxacaqdır. Modelin Çindəki satışlarının noyabr ayında başlanması planlaşdırılır. Böyük ölçülü dəbdəbəli pikapın isə konsept statusunda debüt edəcəyi gözlənilir.