Audi şirkəti “qaynar” RS4 universalının dördüncü nəslini Frankfurtda nümayiş etdirib. Yeni “qaynar” universal bu modelin tarixində olan ən yeyin avtomobildir: yerindən 100 km/saat həddinə universal 4,1 saniyəyə sürətlənir. Bu rəqəm, əvvəlki nəsil Audi RS4 Avant modelində olduğundan 0,6 saniyə azdır.
Tamçəkişli universal 450 at qüvvəsi və 600 Nm fırlanma anı hasil edən 2,9-litrlik biturbomühərriklə hərəkətə gəlir. Güc aqreqatı, xüsusi olaraq bu model üçün hazırlanmış səkkiz pilləli avtomatik sürətlər qutusu ilə təchiz edilir. Sələfindən 80 kiloqram yüngül olan (1790 kiloqram) “qaynar” universalın maksimal sürəti 250 km/saat həddində elektronika tərəfindən məhdudlaşdırılıb. Əlavə ödənişlə bu həddi 280 km/saata çəkmək mümkündür.
Audi RS4 Avant adi universaldan 30 millimetr genişləndirilmiş təkər tağlarına, yeddi millimetr azaldılmış klirensə, aerodinamik kuzov dəstinə və 19-düymlük təkər disklərinə görə seçilir. Modelin təchizatına idarəetmə elektronikasının rejimlərini dəyişən drive select sistemi, idman oturacaqları, aşağı hissəsi “kəsilmiş” sükan çarxı, virtual cihazlar paneli və proyeksiya displeyi daxildir. Əlavə ödənişlə idman asqısını, karbon-saxsı əyləc mexanizmlərini və 20-düymlük təkər disklərini sifariş etmək olar.
Artıq Avropada “qaynar” sedana sifarişlərin qəbuluna başlanıb. İlk avtomobillər müştərlərə gələn ilin əvvəlində çatdırılmalıdır. Audi RS Avant modeli 79800 avrodan başlayan qiymətlərlə satılır.