Növbəti beynəlxalq Frankfurt avtomobil sərgisinin işə başlanmasına bir neçə həftə qalıb. Şübhəsizdir ki, Frankfurtda keçirilən avtosalon avtomobil aləmində ən nüfuzlu və ən iri sərgilərdən biri sayılır.
Buna baxmayaraq, bu il keçiriləcək sərgidə bir neçə iri avtomobil istehsalçısı iştirak etməyəcəkdir. Automotive News nəşrinin Avropa təmsilçisinin bildirdiyinə görə, DS, Infiniti, Peugeot, Jeep, Fiat, Alfa Romeo, Mitsubishi, Volvo və Nissan sərgidə iştirak etməkdən imtina etmişdirlər. Qeyd etmək gərəkdir ki, ümumilikdə bu şirkətlər Avropa bazarının 20 faizinə sahibdirlər.
Bəs səbəb nədir? Əlbəttə ki. başlıca səbəb qiymətdir. Frankfurt avtosalonu kimi iri sərgilərdə iştirak avtomobil istehsalçılarından böyük miqdarda vəsait tələb edir.
"IHS Markit" analitiki Yan Fletçerin sözlərinə görə, şirkətlərin direktorlar şurası səhmdarlara bu xərclərin effektivliyi, həmçinin sərginin satışlara olan təsiri barədə izahat verməkdə çətinlik çəkirlər.
"Açıq qapılar günündə sərgiyə gələn ziyarətçilərin sayının artmasının avtomobil satışlarına güclü təsir etdiyini söyləmək artıq mümkün deyildir. Hazırda avtomobil əldə etmək istəyənlər daha çox vaxtlarını internetdə keçirməyə üstünlük verirlər", - Fletçer Automotive News Europa nəşrinə bildirib.
Belə halın olması gələcəkdə avtomobil istehsalçılarının müştərilər ilə birbaşa əlaqəni sosial-şəbəkələr və internet vasitəsi ilə quracağına işarə edir. Əvvəllər avtosalonlar insanlara yeniliklər ilə bilavasitə tanış olmaq imkanı verən yeganə məkan idi. Artıq internetin və sosial şəbəkələrin hər bir evə daxil olduğu bir zamanda avtosalonlar cəlbediciliyini itirməyə başlayıblar. Belə halda konfrans zalında statik nümayiş üçün milyonları xərcləməkdənsə, hədəfə götürülmüş auditoriya üçün nəzərdə tutulan Hollivud kefiyyətində qısametrajlı filmlərin çəkilməsi daha effektiv və məqsədəuyğun olardı.
İstehsalçılar artıq yeni modellərin təqdimatını ictimayyətlə daha yaxın ünsiyyət qurmaq imkanı yaradan iri meydanlarda keçirməyə üstünlük verirlər. Buna misal olaraq, Jaguar şirkətinin keçən ay Londonda təşkil etdiyi E-Pace modelinin təqdimatını göstərmək olar.
Bütün bunlar avtosalonların yox olub gedəcəyinə dəlalət edirmi? Təəccüblənməyin - əsla xeyir! Hələlik heç kim təntənədən və zənginliklərdən imtina etmək fikrində deyildir - nə alıcılar, nə də istehsalçılar.