Brabus atelyesi Frankfurt avtosalonuna təkcə hazırladığı ekzotik Mercedes-Benz modelləri ilə təşrif buyurmayıb. Alman tüner (hərçəndi Brabus özünü istehsalçı kimi qələmə verir) sərgidə Smart ForTwo modelinin bazasında yaradılmış Ultimate E konsept avtomobilini nümayiş etdirib.
Bu konsept Brabus şirkətinin 40 illik yubileyinin şərəfinə buraxılıb. Subkompakt avtomobil 204 at qüvvəsi və 350 Nm fırlanma anı hasil edən elektromotora sahib olub. 1085 kiloqram çəkiyə malik olan avtomobil 100 km/saat həddini 4,5 saniyəyə toplayır. Onun maksimal sürəti isə 180 km/saat təşkil edir. Elektromotor avtomobilin döşəməsində quraşdırılmış 22 kilovat-saatlıq litium-ion batareyalarından qidalanır. Sürüş üslubundan asılı olaraq elektromobil 158-190 kilometr arasında məsafə qət edə bilər.
Akkumulyatorun 80 faizini enerji ilə yükləmək üçün 30 dəqiqə vaxt tələb olunur. Konsept, eyni zamanda, 18-düymlük Brabus Monobloc Y disklərinə, aerodinamik kuzov dəstinə, xüsusi olaraq tənzimlənmiş asqı sisteminə və interyerin göy rəngli dəri ilə tərtibatına sahib olub. Tüner, ziyarətçilərin göstərdiyi reaksiyadan asılı olaraq, yığcam elektrokarın gələcək taleyi barədə qərar qəbul edəcəkdir. İstənilən halda, avtomobil kütləvi istehsal üçün nəzərdə tutlmayıb və çox güman ki, məhdud sayda tirajla buraxılacaqdır.