Toyota şirkəti Frankfurt avtosalonunda, hibrid C-HR subkompakt krossoverinin «qaynar» variantının carçısı olan, Toyota C-HR Hy-Power konseptini nümayiş etdirib.
İstehsalçı konseptin texniki hissəsi barədə məlumat verməyib. Konsept seriya avtomobilindən eksteryerin qara parlaq və tünd xrom rəngli elementləri, iki rəngli 20-düymlük təkər diskləri və narıncı rəngli örtüklə üzlənmiş tavanı ilə seçilir. Konseptin interyeri də qara və narıncı dəri ilə tərtib edilib.
Toyota C-HR modeli Atkinson dövrü ilə işləyən 1,8-litrlik benzin mühərriki və 72 at qüvvəli elektromotorla təchiz edilir. Hibrid qurğunun ümumi gücü 122 at qüvvəsi, fırlanma anı isə 142 Nm təşkil edir. Toyota şirkətindən C-HR Hy-Power modelinin hibrid qurğusunun daha güclü olduğu bildirilib.